“Rusiya, ABŞ və Ukrayna prezidentləri Vladimir Putin, Donald Tramp və Volodimir Zelenskinin üçtərəfli görüşü Moskvada keçirilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Vladimir Cabarov deyib.
O, Zelenskinin dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində Putin və Trampla üçtərəfli görüşün mümkünlüyü barədə açıqlamasını şərh edib.
Cabarovun sözlərinə görə, Zelenskinin təkliflərinin hazırda konkret əsasları yoxdur. O bildirib ki, Ukrayna ilə danışıqların aparılması və ABŞ nümayəndələrinin prosesə qoşulması mümkündür, lakin Zelenskinin Putinlə görüşü yalnız Rusiyada baş tuta bilər.
Rusiya rəsmisi bunun şəxsi mövqeyi olduğunu da vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna ilə danışıqlar prosesi ilə bağlı yekun qərarı Rusiya Prezidenti Vladimir Putin verəcək.
Qeyd edək ki, Zelenski Donald Trampla BMT Baş Assambleyasının iclası çərçivəsində görüşü zamanı dekabrda Mayamidə keçiriləcək G20 sammitində Putinlə üçtərəfli görüşün mümkünlüyünü istisna etməyib.
Əliyar Xəlil
Globalinfo.az