1757571818 4a6cbddba533bd097b160ec84786c144

“8 avqustda Ağ Evdə imzalanan sənədləri xatırlamaq və bu əlamətdar diplomatik uğura bir daha sevinmək qədər, ötən bir il ərzində keçilən siyasi yola da nəzər salmaq vacibdir. Çünki əldə olunan nəticəni doğuran prosesin özü gələcək addımların istiqamətini müəyyənləşdirən əsas amillərdən biridir”.

Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Azərbaycan elə bir reallıq yaratdı ki, Ermənistana təqdim olunan fürsət, əslində, bu ölkəni bir dövlət və cəmiyyət olaraq daha ağır nəticələrlə üzləşməkdən xilas edən çıxış yolu oldu. 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz qələbə və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etməsi Ermənistan üçün eyni zamanda yeni siyasi reallığı qəbul etmək və gələcəyini bu reallıq üzərində qurmaq imkanı yaratdı.
Tarixi və hüquqi bazası olmayan, siyasi reallıqdan deyil, xəyali təsəvvürlərdən qaynaqlanan iddialar üzərində siyasət qurmağın sonunun uğursuzluqla nəticələnməsi isə qaçılmazdır. Ermənistanın son onilliklərdə keçdiyi yol bunu kifayət qədər aydın göstərdi.

Bu gün Azərbaycan elə bir mərhələyə daxil olub ki, ABŞ Prezidenti Donald Tramp ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında birbaşa və davamlı siyasi təmaslar mövcuddur. Dövlət başçıları arasındakı münasibətlər ən yüksək səviyyədədir. ABŞ kimi qlobal gücə malik dövlətin liderinin mütəmadi olaraq Prezident İlham Əliyevin fikirlərinə istinad etməsi və həmin mövqeləri yüksək qiymətləndirməsi Azərbaycanın beynəlxalq nüfuzunun və siyasi çəkisinin göstəricisidir. Əslində, bu, yalnız Azərbaycan dövlətinin deyil, bütövlükdə Azərbaycan xalqının beynəlxalq imicinə verilən qiymətdir.

Ötən dövr ərzində nəticəsiz və süni şəkildə uzadılan vasitəçilik cəhdlərinin sülh gətirmədiyini Prezident İlham Əliyev həyata keçirdiyi siyasətlə dəfələrlə nümayiş etdirdi. Bu baxımdan Vaşinqtonda əldə olunan razılaşmaların Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar və danışıqlar nəticəsində formalaşması Azərbaycanın prinsipial mövqeyinin təsdiqi idi. Donald Trampın bu prosesə şahidlik etməsi isə, şübhəsiz ki, təkcə Azərbaycan–ABŞ münasibətləri deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişafı baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

Donald Tramp ilə Prezident İlham Əliyev arasında davamlı təmasların mövcudluğu da prosesin dinamikliyinə müsbət təsir göstərir. Bu təmaslar yalnız siyasi dialoqun davamlılığını təmin etmir, eyni zamanda əldə olunan razılaşmaların icrası və növbəti addımların müəyyənləşdirilməsi baxımından əlavə impuls yaradır”.

sebnem hesenova 900x506 2
Şəbnəm Həsənova

Politoloq deyib ki, Vaşinqtonda əldə olunan sənədlər Azərbaycan–Ermənistan münasibətlərinin gələcək inkişafı üçün konkret hüquqi və siyasi çərçivə formalaşdırdı:

“Dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, beynəlxalq hüququn fundamental prinsiplərinə istinad edilməsi gələcək münasibətlərin hansı əsaslar üzərində qurulacağını müəyyənləşdirir.

Bununla yanaşı, Ermənistanın regional iqtisadi inteqrasiya və kommunikasiya sisteminə qoşulması üçün yeni imkanlar yaranır. Bu, Ermənistan üçün də yeni iqtisadi perspektivlər deməkdir. Sülhün real iqtisadi dividendlərə çevrilməsi isə onun davamlılığını gücləndirən əsas amillərdən biri ola bilər.

Digər mühüm məqam ondan ibarətdir ki, sülh sazişinin əsasını təşkil edən beş prinsip Azərbaycan tərəfindən irəli sürülüb. Bu prinsiplər ətrafında formalaşan siyasi gündəlik son nəticədə yalnız Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasına deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf modelinə təsir edə bilər. Bütün müddəaların tam və ardıcıl şəkildə həyata keçirilməsi region üçün ciddi siyasi və iqtisadi dividendlər yaradacaq.

Əgər avqustun 8-dək proses daha ləng və mürəkkəb şəkildə irəliləyirdisə, Vaşinqtonda əldə olunan razılaşmalardan sonra prosesə yeni dinamika gətirildi. Artıq əsas müzakirə predmeti qarşıdurmanın davam etdirilməsi deyil, əldə olunan imkanların necə əməkdaşlıq və iqtisadi inteqrasiyaya çevriləcəyidir.

Bu gün Cənubi Qafqazda kənar güclərin regiona dair rəqabətçi yanaşmalarını deyil, əməkdaşlıq gündəliyini önə çıxarmaq üçün real imkan yaranıb. Vaşinqtonda əldə olunan razılaşmalar bir daha göstərdi ki, Cənubi Qafqaz artıq uzunmüddətli münaqişə məkanı olmaqdan çıxaraq inteqrasiya, bağlantı və əməkdaşlıq imkanlarının ön plana keçdiyi yeni mərhələyə daxil olur.

Təbii ki, bu dəyişiklik beynəlxalq aktorlar üçün də yeni imkanlar yaradır. Siyasi sabitliyin möhkəmlənməsi, kommunikasiya xətlərinin açılması və regional iqtisadi inteqrasiyanın genişlənməsi Cənubi Qafqazı investisiyalar baxımından daha cəlbedici məkana çevirə bilər.
Azərbaycanın irəli sürdüyü sülh gündəliyi isə bütün bu proseslərin siyasi əsasını təşkil edir. Bu gündəliyin mahiyyəti yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasından ibarət deyil. Söhbət münaqişədən sonrakı Cənubi Qafqazın yeni siyasi, iqtisadi və kommunikasiya reallığının formalaşdırılmasından gedir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: