İranda Azərbaycana qarşı terror–təxribat fəaliyyəti ilə məşğul olan və oyuncaq “Kərimə dövlət” qurmaq istəyənlərdən Əkrəm Hacızadənin (Elşad Hacıyev) məhv edildiyi bildirilir. Bu iddia ilə iranlı jurnalist Möhtəşəm Pirməhşər çıxış edib.
Globalinfo.az xəbər verir ki, iddia hələ rəsmən təsdiqlənməsə də, Teleqram kanallarında onun İsrailin zərbələri nəticəsində öldüyü yazılıb.
Savashmedia.az isə bildirir ki, İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunan gizli casusluq və terror şəbəkəsinin fəaliyyəti ilə bağlı yeni detallar açıqlanıb.
Bu detalları Böyük Britaniyada fəaliyyət göstərən farsdilli “İran İnternational” nəşri Avropa mənbəsindən əldə edib.
Şəbəkəyə rəhbərliyi SEPAH-ın zabiti, “Miqdad Həsəni” kod adı ilə tanınan Əlirza Məhəmmədi edib. Onun əsas köməkçi fiquru şəbəkənin fəaliyyətinə nəzarət edən Elşad Hacıyevdir. Elşad Hacıyev İrana qonşu ölkələrdən birinin vətəndaşıdır, “Əkrəm Hacızadə” kod adı ilə tanınır. Hacıyev Qum şəhərində yerləşən “Əl-Mustafa” Universitetində dini təhsili alıb. Terror ittihamı ilə İnterpol tərəfindən axtarışdadır. Bir müddət əvvəl Hacıyevin İrana qonşu ölkələrdən birində rəhbərlik etdiyi terror qruplaşması zərərsizləşdirilib. Elşad Hacıyev hazırda İranda gizlənir və İran kəşfiyyatı üçün çalışır. O, 2024-cü ilin aprelində İran televiziyasında yayımlanan “Hilal” verilişində iki dəfə qonaq olub.
Elşad Hacıyev (Əkrəm Hacızadə)
Məqalədə diqqətçəkən məqam SEPAH agenti “Elşad Hacıyev”in (Əkrəm Hacızadə) “İrana qonşu dövlətlərdən birinin vətəndaşı” olmasının vurğulanmasıdır. Məsələ ilə bağlı kiçik bir araşdırma apardıq. Məlum oldu ki, “Əkrəm Hacızadə” kod adlı şəxs Azərbaycan vətəndaşı Hacıyev Elşad Elçin oğludur. Onun adı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2022-ci il noyabr ayının 1-də yaydığı “İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilmişdir” adlı məlumatda öz əksini tapıb. Məlumatda bildirilib ki, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) barəsində 2018-ci ildən məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.
İran mənbələri Elşad Hacıyevi tədqiqatçı, mədəni fəal və “Hüseyniyyun” qrupunun media məsulu kimi təqdim edib. E.Hacıyev qatıldığı proqramlarda Azərbaycan əleyhinə çıxışları ilə seçilib. Məsələn, o iddia edib ki, Bakının yerli əhalisi farsmənşəlidir və bir müddət əvvələ qədər də farsca danışıblar, Azərbaycan isə bu “həqiqəti” ört-basdır etməyə çalışır.