Meloni Giorgia Italie television 2025 1024x683 1

İtaliya hökuməti məktəblərdə burqa və niqab geyinməyi qadağan edəcək qanun layihəsi hazırlayır. Bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni məlumat verib.

Bu, islamafobiyadır, yoxsa arxasında başqa bir səbəb, hədəf var?

Globalinfo.az-a danışan dinşünas Tural İrfan deyib ki, niqab islam geyimi deyil:

“İslam dinində qadın üçün müəyyən edilən geyim qaydalarının tərkibində niqab yoxdur. Niqab orta əsrlərdə bədəvi ərəblər arasında istifadə olunan geyim formalarından biridir. Müəyyən qumlu ərazilərdə qum tufanları, tozdan qorunmaq, eyni zamanda qadınların tanınmaması və onlara qarşı mümkün təcavüzlərin qarşısının alınması kimi sosial səbəblərlə istifadə olunub. Bu baxımdan niqab ərəb adəti hesab olunur. İslam dinində niqaba icazə verilir, lakin bu, dinin buyurduğu geyim forması deyil. Avropada müəyyən dövrlərdə bu cür qadağaların tətbiq olunmasını da təbii hesab edirəm. Qazaxıstan və bir sıra Orta Asiya ölkələrində də islam dininin müəyyən atributları hesab olunan geyim və görünüş formalarına, o cümlədən saqqala, hicaba məhdudiyyətlər qoyulub”.

Tural Irfan

Tural İrfan

Dinşünas bildirib ki, bu baxımdan Avropada baş verən Quranın yandırılması və Peyğəmbərin təhqir olunması kimi hadisələri yalnız islamofobiya kimi qiymətləndirmək də düzgün deyil:

“İtaliya müsəlmanlara qarşı mənfi münasibəti ilə seçilən dövlət deyil. Eyni zamanda, müxtəlif müsəlman ölkələrindən qaçaraq sığınacaq axtaran insanların bir çoxu Avropa ölkələrində təhlükəsizlik əldə edib. Bunları da nəzərə almaq lazımdır. İtaliyada niqabın qadağan edilməsindən sonra etirazlar və çaxnaşmalar baş verə bilər. Çünki belə proseslər müəyyən hallarda təxribat xarakteri daşıyır. İslam daxilindəki bəzi qrupların, təriqətlərin Qərbdəki müəyyən ideoloji institutlar tərəfindən radikallaşdırıldığı, ekstremist xarakterə gətirildiyi və sonradan terror fəaliyyətinə cəlb olunduğu iddia edilir. Daha sonra isə bu qrupların fəaliyyəti müsəlman ölkələrinə müdaxilə üçün əsas kimi təqdim olunur. Təəssüf ki, bəzi müsəlmanlar da məlumatsızlıq və dünyada gedən proseslərdən kifayət qədər xəbərdar olmamaq səbəbindən bu cür təsirlərə məruz qalırlar. Tarix boyu müxtəlif təriqətlər mövcud olub. Bu təriqətlərdəki mühafizəkarlığın formalaşmasında xarici təsirlərin də rol oynadığı fikri var”.

T.İrfan qeyd edib ki, müxtəlif vasitələrlə müəyyən qrupların radikallaşdırılması, cəmiyyətdən təcrid olunması, həmin təriqətlərə maddi, mənəvi və siyasi dəstək göstərilməsi sonradan ciddi problemlərə gətirib çıxarar:

“Daha sonra həmin qrupların fəaliyyəti müsəlman ölkələrinə və ümumilikdə islam dünyasına təzyiq göstərmək üçün əsas kimi istifadə oluna bilər. Hər bir halda, hesab edirəm ki, niqab islam əlaməti deyil. Eyni zamanda, bu geyim formasının İtaliyanın sosial həyatında müəyyən çətinliklər yaratması mümkündür. İnsan üzünün tamamilə örtülməsi və şəxsin cəmiyyətdən təcrid olunması nə islam dininin mahiyyətinə, nə də sosial həyata uyğun gəlir. Ərəb ölkələrinin özündə belə, hazırda qadınların böyük əksəriyyəti niqabdan istifadə etmir. Çünki buna ehtiyac yoxdur. Bu baxımdan Avropada niqabdan istifadənin zəruriliyini əsaslandırmaq daha çətindir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: