meloni

“İtaliyanın Baş naziri Corciya Meloninin Azərbaycana səfəri həm ikitərəfli münasibətlər, həm də Avropanın enerji və nəqliyyat arxitekturası baxımından strateji əhəmiyyət kəsb edir”.

Bunu Globalinfo.az-a politoloq Əfsanə İbrahimova deyib.

O bildirib ki, səfər regionda vəziyyətin gərgin olduğu zamanda baş tutub:

“İranda baş verən müharibədən sonra İtaliya kimi Avropanın aparıcı ölkəsinin liderinin Azərbaycana səfər etməsi ölkəmizin regionun açar dövləti olduğunu bir daha sübut edir. Digər tərəfdən, İtaliya hazırda Azərbaycanın dünyadakı ən böyük ticarət tərəfdaşı və enerji resurslarının əsas alıcısıdır. Bu səfərin əhəmiyyətini xüsusi olaraq artırır. Meloni üçün  Bakıda həllini gözləyən əsas 2 məsələ var idi. Birincisi, İtaliya Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin artırılmasında birbaşa maraqlıdır. 2026-cı ilin yanvarından etibarən Azərbaycan qazının İtaliya vasitəsilə Avstriya və Almaniyaya ötürülməsinə başlanması İtaliyanın Avropada bir “enerji qovşağı” statusunu möhkəmləndirir. İkinci məsələ isə İtaliya neft tələbatının böyük hissəsini Azərbaycanın hesabına ödəyir. Bu rəqəm bəzi hallarda 50 faizi keçir. İtaliya həmçinin bu rəqəmin artırılmasında maraqlıdır. Meloninin səfəri həm də qlobal “yaşıl keçid” dövrünə təsadüf edir. İtaliya müxtəlif  şirkətləri Xəzər dənizindən Avropaya çəkiləcək “Yaşıl Enerji Dəhlizi” layihəsində texniki-iqtisadi əsaslandırma işlərində aktiv iştirak edir”.

efsanepolitoloq

Əfsanə İbrahimova

Politoloq qeyd edib ki, Meloni bu səfərlə İtaliyanın bərpa olunan enerji sahəsindəki təcrübəsini Azərbaycanın geniş potensialı ilə birləşdirmək istəyir:

“Səfərin diplomatik məqsədi isə İtaliyanın bölgədə tarazlıq yaratmaq cəhdidir. Fransa regionda Ermənistana meyilli siyasət apardığı üçün İtaliyada Azərbaycanla əlaqəni gücləndirərək balans yaratmağa çalışır. Digər tərəfdən, İtaliya Azərbaycanı Mərkəzi Asiyaya açılan strateji bir qapı kimi görür. “Orta Dəhliz” layihəsi çərçivəsində logistik imkanların müzakirəsi Meloninin gündəmində mühüm yer tutur. Rəsmi Romanın ölkəmizdə böyük iqdisasi maraqları da mövcuddur. İtaliya şirkətləri Azərbaycanda hərbi, sənaye və kənd təsərrüfatı layihələrində aktivdir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki  yenidənqurma işlərində İtaliya şirkətlərinin iştirakının genişləndirilməsi Meloninin iqtisadi diplomatiyasının bir hissəsidir. Buna görə də İtaliyanın hökumət rəhbərinin səfəri bölgədə yeni reallıqlarını artıq dünyanın aparıcı ölkələrinin qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: