Məktəblərdə yeni fənn tədris edilə bilər: “Azərbaycan artıq gecikib”

Hazırda bütün dünya, xüsusilə Avropa ölkələrində ən diqqət edilən amillərdən biri də media savadlılığıdır. Bir çox dünya dövlətlərində media savadlılığı artıq bir fənn kimi kurikuluma daxil edilib, aşağı sinifdən tədris edilir. Son zamanlarda Azərbaycanda da bu istiqamətdə maarifləndirici təlimlər keçirilir, media savadlılığı fənninin orta məktəblərdə tədrisə salınması ilə bağlı fikirlər səsləndirilir.

Bu, şagirdin gələcəkdə şəxsiyyət kimi formalaşması, doğru informasiyanı yanlışdan ayırması, etibarlı mənbənin müəyyənləşdirilməsi və s. istiqamətlərdə faydalı və zəruri hesab edilir.

Bəs media savadlılığı nədir? Məktəblərdə tədris olunması nə dərəcədə əhəmiyyətlidir? Azərbaycan cəmiyyətinə nə qazandıracaq?

Mövzunu Globalinfo.az-a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil mütəxəssisi Elmin Nuri bu məsələyə beynəlxalq yanaşmanı nəzərə çatdırıb:

“İstər UNESCO-nun sənədlərində, istərsə də dünyada təhsillə bağlı gələcək strateji hədəflərdə bir neçə prioritet istiqamətlər var. Burada aparılan tədqiqatlara əsasən uşaqlarda müasir dünya və gələcək naminə səriştələrin formalaşması, onların şəxsiyyətyönümlü insan kimi yetişdirilməsilə bağlı bir neçə istiqamətin əhəmiyyəti vurğulanır. Bura daxildir: mədəniyyətlərarası kommunikasiya, rəqəmsal bacarıqlar, kritik düşüncə, innovativlik, adaptivlik. Bunların hamısı orta məktəblərdə tədrisi vacib olan və təhsildə səriştə meyarının inkişafına gətirib çıxaran şərtlərdir. Bizim təhsil sistemində isə bunlar arasından sadəcə rəqəmsal bacarıqların tədrisi tətbiq edilir. Amma hesab edirəm ki, ən vacibi media savadlılığının tədrisidir. Təsadüfi deyil ki, hazırda UNESCO, NATO, Avropa İttifaqının sənədlərində media savadlılığı təhslinin çox vacib olduğu vurğulanır”.

Bu cür ciddi təhsil problemi tamamilə kölgədə qalıb-Elmin Nuri
Elmin Nuri

Mütəxəssis bu fənnin artıq Avropa məktəblərində tətbiq edildiyini bildirib və Azərbaycan cəmiyyətinin gələcəyi üçün əhəmiyyətindən söz açıb:

“Media savadlılığını informasiya axını və mənbələri ilə qarşılıqlı əlaqə qurma, axtarış aparma, təhlil etmə, tənqidi qiymətləndirmə və media mətnləri yaratmaq qabiliyyəti kimi də anlaya bilərik. Görün, media savadlılığı özündə nə qədər detalı əks etdirir. UNESCO-nun sənədlərində media təhsilinin əsas funksiyası insan hüquqlarının dəstəklənməsi, şagirdlərin sülh, ədalət, azadlıq ruhunda formalaşması kimi göstərilir.
Media dedikdə sadəcə informasiya ilə işləyən kəsimi nəzərdə tutmamalıyıq. Bu gün əlində mobil telefon olan hər kəs media subyektidir. Şagird gələcəkdə milyonlarla informasiya axınında özünü şəxsiyyət kimi formalaşdırmalıdır. Bu zamanda həyati tətbiq əhəmiyyəti olmayan fənlər heç kimə lazım deyil. Azərbaycanda gələcəyin fənləri məhz bunlardır, media savadlılığıdır. Avropada artıq tətbiq edilir”.

E.Nuri bildirib ki, STEAM, rəqəmsal bacarıqların tədrisinə göstərilən diqqət, bu istiqamətə də yönləndirilməlidir:

“XXI əsrdə media təhsili dedikdə mətbuatla ünsiyyətin formalaşması ilə yanaşı, şagirddə kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı media mətnlərinin təhlili kimi bacarıqların formalaşması nəzərdə tutulur. Media savadlılığının fənn olaraq məktəblərdə tətbiqi gələcək üçün şəxsiyyətin yetişdirilməsində vacib amildir. Bunun Azərbaycanda olması nəinki vacibdir, biz hətta bunda gecikmişik. Doğrudur, resurs və kadr çatışmazlığı var. Amma rəqəmsal bacarıqların tətbiqinə başlayan zaman da bu problemlər vardı. Bu fənnin tədrisi istiqamətində müəyyən addımlar atılmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az