Priqojinin ölüm səbəbi: Lukaşenkoya bunu deyib, vurulub

Ukraynalı ekspertlər əmindir ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümünə səbəb olan təyyarənin partladılması əmrini Rusiya Prezidenti Vladimir Putin verib.

Globalinfo.az sfera.az-a istinadən xəbər verir ki, Putinin bu qərarı qəbul etməkdə məqsədi vaqnerçilərin üsyanından sonra hərbi sferada öz gücünü bərpa etmək cəhdləridir. Ukraynanın Müharibə Araşdırmaları İnstitutunun analitikləri qeyd ediblər ki, Rusiya silahlı qüvvələrinin nümayəndələri, xüsusən də Rusiyanın müdafiə naziri Sergey Şoyqu və ordunun Baş Qərargah rəisi general Valeri Gerasimov məhz Putinin icazəsindən sonra Priqojini edam ediblər.

Onların fikrincə, “Vaqner” üsyanından sonra Priqojinin cəzalandırılmamasını Rusiyanın bütün siyasi və təhlükəsizlik sferası zəiflik kimi qiymətləndirirdi.

Analitiklərin yanaşmasına görə “Vaqner”lə əlaqəsi olan ordu generalı Surovikin Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsindən azad edilməsi, onun yerinə general-polkovnik Viktor Afzalovun təyin edilməsi və təyyarənin vurulması arasında bir gün fasilənin olması da təsadüfi deyil. Kreml bu davranışı ilə göstərdi ki, “Vaqner”in Rusiya rəhbərliyinə qarşı çıxması bir sövdələşmənin nəticəsidir və güc strukturları bu qiyamda əli olanların öhdəsindən gələ bildi.

Ekspertlərin başqa bir versiyasına görə, Priqojinin ölüm qərarının verilməsinə onun Afrika ilə bağlı davranışları səbəb olub. Putin, Priqojin və Lukaşenko sövdələşməsinə əsasən Priqojin “Vaqner”in mediada açıqlamalar verməsini məhdudlaşdırmalı və Afrikadakı əməliyyatlara qarışmamalı idi. Amma Priqojin razılaşmaya əməl etməyərək “Vaqner”in Afrikadakı əməliyyatlara müdaxilə imkanlarını yenidən bərpa etməyə çalışıb. Ekspertlərin qənaətincə, Priqojin bu davranışı ilə “qırmızı xətti” keçib və özünün ölüm fərmanını verib.