Kürün quruması suyu bahalaşdıra bilər? – Ekspert istisna etmir

Azərbaycanda su qıtlığı təhlükəsi ilə bağlı çağırışlar artmaqdadır. Ölkənin əsas su təminatı hesab edilən Kür çayının Sabirabad və Salyan rayonlarından keçən hissəsində vəziyyət acınacaqlıdır. Çayın bu ərazilərdən keçən hissəsi demək olar ki, quruyub.

Həmçinin fevral ayından etibarən qənaət məqsədilə Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik ediləcəyi də bildirilmişdi.

Beləliklə, yaxın zamanda suyun qiymətində kəskin bahalaşma müşahidə oluna bilərmi?

İqtisadçı-ekspert Xalid Kərimli Globalinfo.az-a bildirib ki, gündəlikdə belə bir məsələ yoxdur:

“Azərbaycanda su tədarükü ilə bağlı bir sıra işlər görülüb. Xüsusilə Bakı və Abşeron yarımadasında fasiləsiz su təminatı 80%-in üzərinə çatdırılıb. Amma bəzi ərazilərdə suyun verilişində fasilələrin yaranması da müəyyən qədər narahatlıq doğurur.

Hələ ki mövcud vəziyyətdə suyun qiymətinin artırılması ilə bağlı gündəlikdə aidiyyatı strukturların müraciəti yoxdur, yaxın zamanda belə bir qərar gözlənilmir.

Xalid Kərimli

Ölkəmizdə suyun qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənir. Şuranın bu istiqamətdə hər hansı addım atması ilə bağlı məsələ gündəmdə deyil. Enerji qiymətləri son olaraq 2021-ci ildə müəyyənləşdi, o zamandan sonra hansısa artım yoxdur.

Nəzərə alaq ki, ölkədə inflyasiya səviyyəsi də yüksəkdir, bu baxımdan hökumətin məsələ ilə bağlı gərginlik yaradacaq addım atması gözlənilmir”.

X.Kərimli vəziyyətdən asılı olaraq qərara yenidən baxılmasının mümkün olduğunu qeyd edib:

“Təbii ki, quraqlığın uzun müddət davam etməsi suya qənaət məqsədilə müvafiq qiymət artımlarının həyata keçirilməsinə səbəb ola bilər. Amma hazırda belə bir şeyin konkret olaraq gözlənildiyini deyə bilmərik. Hələ ki, buna heç bir əsas yoxdur.

Suyun verilişinin qrafikə uyğunlaşdırılması ilə bağlı daha ağır vəziyyətlər yaşanıb. Keçmişə nisbətən hazırda vəziyyət daha yaxşıdır”.

Ayşən Mustafa
Globalinfo.az