pasinyan 900x600 2

Globalinfo.az iyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı siyasi şərhçi Kənan Novruzovla müsahibəni təqdim edir:

– Ermənistanda baş tutan seçkilərin nəticələrinə əsasən, bundan sonrakı mərhələ necə olacaq?

-Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qalib gələcəyi gözlənilirdi. Xalqın xeyli hissəsi sülh tərəfdarıdır. Əhali Paşinyanın timsalında sülhə səs verdi. Müxalifət parçalanmış vəziyyətdədir. Digər tərəfdən, Paşinyan seçki kampaniyasını çox yaxşı apardı. Kənar aktorların, xüsusilə Rusiyanın müdaxiləsini qarşısını xeyli dərəcədə ala bildi. İyunun 14-də yekun nəticələr elan olunacaq. Ayın 20-nə qədər İrəvanda sürpriz hadisələr baş verə bilər. Paşinyana sui-qəsd cəhdləri də istisna edilməməlidir.

– Rusiyanın Paşinyan hakimiyyətinə münasibəti necə olacaq? Bundan sonra Moskva-İrəvan əlaqələrində nə kimi dəyişikliklər ola bilər?

-Rusiyanın Paşinyan hakimiyyətinə münasibəti yaxşı olmayacaq. Seçkilər ərəfəsində meyvə-tərəvəz məhsullarının idxalına qoyulan qadağa da, əslində, xəbərdarlıq idi. Moskva bundan çoxunu etməyə maraqlı deyil. Hərbi müdaxilə etmək gücünə malikdir, lakin Ukrayna ssenarisini yaşayaraq növbəti bataqlığa düşmə ehtimalı da var. Rusiya daha çox iqtisadi təsir rıçaqları ilə Ermənistanı sıxışdırmağa çalışacaq. Digər tərəfdən Ermənistan Azərbaycan və Türkiyənin çətiri altındadır. Rəsmi Moskva Bakı və Ankara ilə münasibətləri pisləşdirmək istəməyəcək.

Azərbaycan-Ermənistan münasibətləri necə irəliləyəcək, sülh sazişinin imzalanması gözlənilirmi?

-Sülh sazişinin imzalanmasını real hesab edirəm. Bunun üçün addımlar atılar, Ermənistan tərəfindən səmimi təşəbbüslər ortaya qoyularsa, saziş imzalana bilər. Ermənistan Konstiyusiyasının dəyişməsi əsas məsələdir. Bunun üçün parlamentdə müəyyən limiti keçməlidirlər. Bunu bacararlarsa, sülh sazişi imzalana bilər.

kenan novruzov
Kənan Novruzov

-Sabiq prezident Robert Köçəryan seçki nəticələrinin mübahisələndirilməli olduğunu bildirib. Müxalifət Paşinyana qarşı hansı addımları ata bilər?

-Müxalifət Paşinyana qarşı heç bir addım ata bilməz. Hazırda zərərsiz formadadır. Küçə mitinqləri, aksiyalar təşkil edilə bilər ki, bu da Paşinyan üçün qorxulu deyil. Çünki Nikol həmin situasiyalara bələddir. Hakimiyyətə də elə küçədən gəlib. Ona daha çox təzyiq Rusiyadan ola bilər.

– Ümumilikdə, Nikol Paşinyanın fəaliyyəti necə istiqamətlənəcək?

-Paşinyan həm də jurnalistdir. İctimai rəyi formalaşdırıb, idarə etməyi yaxşı bacarır. Onun hazırda Avropa və Rusiya ilə münasibətləri qoruyaraq siyasət yürütməsi bundan xəbər verir. Lakin Paşinyan 2020-ci ildən sonra ağıllandı. O, heç də hakimiyyətə gələndə belə deyildi. Həmin şəxsdir ki, 2018-ci ildə hakimiyyətə gələndə, “Qarabağ Ermənistandır və nöqtə” deyirdi. Onu ağıllandıran Azərbaycan oldu. Bundan sonra fors-major hadisə baş verməsə, Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində addımlar atacaq.

Avropa İttifaqına üzvlük yaxın vaxtlarda real görünmür. Amma Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim Ermənistan-Rusiya münasibətlərinin əsas istiqaməti olaraq qaralacaq. İrəvan yavaş-yavaş Kremldən uzaqlaşmağa çalışacaq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: