Kremlə zərbə endirildi: Putinin zirehli kostyumu deşildi – VİDEO

11:45

“Tarix təkrarlanır” ifadəsi artıq neçənci dəfədir özünü doğruldur. Bənzər hadisələr baş verəndə bu ifadə dillər əzbərinə çevrilir. Az qalsın hamı bir-birindən xəbərsiz şəkildə pıçıldayır: “Tarix təkrarlanır…”

May ayının 3-də Kremlə dron hücumu olanda, yəqin, bir çox adam bu sözləri təkrarlayıb. Çünki sovet insanının xatirində Kremllə bağlı bir başqa hadisə də öz izlərini buraxıb.

28 may 1987-ci il. Adi bir gün. SSRİ-nin nisbətən stabil dövrü. Amma Qorbaçovun 1985-ci ildə iqtidara gəlməsi ilə Sovet İttifaqında bir təlatüm başlamışdı. Aşkarlıq, demokratiya devizləri ilə tədbirlər keçirilirdi. Sovet mətbuatı hər gün bu və buna bənzər mövzularda manşetlər yayırdı. Zəhmətsiz gəlirlərə qarşı mübarizə tədbirləri özünün pik nöqtəsinə çatmışdı. Günahı olanı, olmayanı “zəhmətsiz gəlir əldə etdiyinə görə” həbsə atırdılar. Bir qədər keçdi, Qorbaçov SSRİ ərazisində spirtli içkilərin istehsalına və istehlakına qadağa qoydu. Ölkə şokda idi. Alkoqol tərkibli içkiləri alan da, satan, istehsal edən də ağır şəkildə cəzalandırılırdı. Toylarda qonaqlara araq əvəzinə çaxır verilirdi. Onu da çaydanlarda. Guya çay içirlər. Belə tragikomik vəziyyət vardı ittifaq üzrə.

Üzdə sabit, dərinliklərdə təlatüm yaşayan SSRİ-nin bir yaz günündə bu təlatümü artıran bir hadisə baş verdi. Yuxarıda yazdığım tarixdə – 28 may 1987-ci ildə Kremlin yaxınlığına – Qırmızı Meydana qəfil bir təyyarə enir. Ətrafda hər kəs – turistlər, moskvalılar, qonaqlar heyrət içində baş verənləri izləyirlər. Bəs bu təyyarə haradan gəlmişdi Qızıl Meydana? Onu kim buralara qədər gətirib çıxarmışdı?

1987-ci il mayın 28-də, SSRİ-də sərhədçilərin peşə bayramı günündə milliyyətcə alman olan 19 yaşlı Matias Rust “Sessna” idman təyyarəsi ilə SSRİ-yə doğru istiqamət alıb. O, sərhədi Estoniya ərazisində pozub. Leninqrad-Moskva dəmiryolu xətti ilə kurs götürərək Moskvaya irəliləyib. Sərhədi pozarkən dərhal radarlara düşən alman təyyarəsinə istədiyi məkana yetişməyə heç bir maneə olmayıb. Sonradan özünün dediyi kimi, SSRİ-nin hava məkanına daxil olanda dərhal onun ətrafında iki qırıcı təyyarə görünüb, ancaq bu təyyarələr onun uçuşunu nə məhdudlaşdırıb, nə də ki məcburi eniş etməyinə cəhd göstəriblər. Rust onu da etiraf edib ki, təyyarəni birbaşa Kremlin həyətinə endirmək istəyib. Təcrübəsinin azlığından və təyyarənin heç kimə, heç nəyə zədə yetirməyəcəyindən arxayın olmayan Rust bu qərarından vaz keçib. O, üçüncü cəhddən sonra Qızıl Meydana eniş edə bilib.

Bu hadisə SSRİ-ni dünyada gülüş obyektinə çevirdi. Sovet hökumətinin bir obrazı vardı. Deyilirdi ki, onun sərhədindən qatır keçsə dırnaq salar, quş uçsa qanad. Bax bu olay Sovetlər İttifaqının hərbi və siyasi zirehini dəlmə-deşik etdi.

Təyyarə olayının Qərb xüsusi xidmət orqanlarının əməliyyatı olduğunu iddia edənlər çoxdur. Açığı, inandırıcı görünür.

Kremlə 2 may 2023-cü ildə olan dron hücumu da 36 il öncəki hadisənin təkrarıdır. Putinin mənəvi-siyasi obrazının zirehini deşməyə hesablanıb. 1 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsində Moskvaya hücum faktı qeydə alınmamışdı. Çoxu deyirdi ki, Rusiya güclü olduğu üçün Qərb ölkələri nə qədər istəsə də Putinin imicini zədələyən həmlələr həyata keçirməyi bacarmırlar. Həm də açığı, Rusiya prezidentinin buna necə cavab verəcəyini proqnozlaşdırmaq çətin olduğundan Kremlə toxunulmurdu. Artıq toxunuldu. Putinin qalasına müdaxilə edildi. Onun divarları ideoloji baxımdan dağıdıldı. Vladimir Putinin mənəvi kostyumunun zirehi deşildi.

Ukrayna hər nə qədər desə də ki, bu əməliyyat onluq deyil, amma cavab Ukraynaya, Zelenskiyə veriləcək. Artıq Medvedyev Prezident Zelenskini fiziki baxımdan aradan götürməyin vaxtının çatdığını elan edib. Mümkündür ki, bu təxribatı üçüncü qüvvə törətsin. Necə ki, bir neçə ay öncə Krım körpüsü partadılmışdı, bundan sonra Rusiya Ukraynaya şiddətli raket zərbələri endirdi. Bunu da təşkil edib, müharibəni daha da qızışdırmaq istəyə bilərlər.

Rusiya özünün ehtiyatında olan ən ağır cavaba – taktiki nüvə raketləri ilə hücuma əl atacaqmı? İndi bütün dünya bu sualın cavabına hazırlaşır.

Xatırladaq ki, müharibə başlayandan bəri Rusiya rəhbəri dünyanı nüvə hücumu ilə təhdid edən bəyanatlar səsləndirib. İndidən keçmiş olsun…


Azər Ayxan
Globalinfo.az