Kreml geri çəkilir: Lavrov “dayandırırıq” dedi – Nələr olacaq?

Rusiya rəsmiləri, o cümlədən, xarici işlər naziri Sergey Lavrov və Kreml sözçüsü Dmitri Peskov bir neçə dəfə bildiriblər ki, “Taxıl sazişi” dayandırıla bilər. Məlum olduğu kimi, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Müqavilənin müddətinin iyulun 17-də başa çatacağı gözlənilir.

Maraqlıdır, indiki məqamda Rusiya taxıl sazişindən çıxacaq, yoxsa bu Qərb və ABŞ-a qarşı blefdir? Türkiyə prosesin qarşısını ala biləcəkmi? Rusiya sazişdən çıxarsa, bu nə ilə nəticələnə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi Moskva sazişi dayandıracağını deməklə dünyanı şantaj edir:

“Kreml bundan hədə kimi istifadə edərək, özünə qarşı təzyiqləri azaltmağa çalışır. Ümumiyyətlə, Rusiyanın son aylardakı ritorikası təhdid üzərində qurulub. Nüvə müharibəsi ilə bağlı deyilənlər də bunun sübutudur.

“Taxıl sazişi”nə xitam verilməsi Rusiyaya sərf etmir. Çünki bu halda rəsmi Moskva özünün destruktiv mövqeyini bir daha ortaya qoymuş olacaq və Qərbin daha sərt qınağı ilə üzləşəcək. Amma Kreml itirəcəyi nəyinsə olmadığını anlayanda buna gedə bilər”.

Kənan Novruzov

Ekspertin qeyd edib ki, Türkiyə sazişin müddətinin uzadılmasına çalışacaq:

“Çünki bu saziş ilk növbədə Türkiyənin uğurudur. Əlbəttə, Rusiya sazişdən çıxarsa, bu, taxılın dünya bazarındakı qiymətini artıracaq. Eyni zamanda, danışıqlar perspektivi minimum olacaq. Bu, həmçinin Ankara ilə Moskva arasındakı münasibətlərə də təsir edə bilər. Düşünürəm ki, “Taxıl sazişi”nin müddəti növbəti dəfə uzadılacaq”.

Turan Rzayev
Globalinfo.az