Kreml odla su arasında: Müharibəni udsa, xalqa uduzacaq…

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin marta kimi Donetks və Luqansk vilayətlərini ələ keçirməyi əmr edib. Həmçinin bildirilib ki, ehtimal edilən növbəti səfərbərlik Rusiyadakı daxili narazılığı gücləndirə bilər.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı bundan öncə də Rusiyada səfərbərliyin növbəti dalğasının qaçılmaz olduğunu bildirmişdi.

Diqqətçəkən məqam Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov qarşıdakı ayların müharibənin taleyi üçün həlledici olacağını deyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan  siyasi şərhçi Kənan Novruzov deyib ki, mart ayına kimi Rusiya döyüş meydanında üstünlüyü ələ almaq niyyətindədir:

“Birincisi, qarşıdakı aylarda Qərb dövlətləri Ukraynaya ağır və müasir tanklar göndərəcəklər. Həmin texnikalar Kiyevin mövqeyini gücləndirəcək. Ona görə də Moskva tankların tədarükünə qədər strateji üstünlüyü ələ almağa çalışacaq.

İkincisi bir tərəfdən, savaşın ildönümünün tamam olmasına bir aydan da az vaxt qalıb. Fevralın 24-də Putinin xalqa müraciəti gözlənilir. O, “müjdə” verməlidir. Putin ya yeni ərazilərin nəzarətə götürüldüyünü açıqlamalı, ya da gələcək planlarla bağlı inandırıcı fikirlər səsləndirilməlidir.

Məlum olduğu kimi, Donetsk və Luqanskın müəyyən hissəsi artıq Rusiyanın nəzarəti altındadır. Rusiya ordusu artıq həmin ərazilərdə möhkəmlənib.

Ona görə də sözügedən əraziləri tamamilə ələ keçirmək nisbətən asandır. Rusiya Silahlı Qüvvələri bunu bacararsa, hər şeydən əvvəl Ukrayna üzərində psixoloji üstünlük qazana bilər.

Amma Donetsk və Luqanska tam nəzarəti təmin etməkdən ötrü Rusiyaya əlavə qüvvə lazımdır. Bu isə o deməkdir ki, ölkədə yeni səfərbərliyin elan olunması ehtimalı kifayət qədər realdır”.

Ekspertin sözlərinə görə, Kreml indi iki seçim arasında qalıb:

“Rusiya hakimiyyəti ya daxildəki durumu, ya müharibəni düşünməlidir. Çünki Ukraynadakı savaşla bağlı ambisiyalar hakimiyyətə qarşı narazılığı və qəzəbi artırır.

Sözsüz ki, Rusiyada səfərbərlik elan olunarsa, bu, müharibənin gedişatına müsbət, daxildəki duruma isə mənfi təsir edəcək.
Rusiyalıların əksəriyyəti başa düşür ki, onlar öz torpaqları uğrunda döyüşmürlər. Ona görə səfərbərlikdən imtina edirlər. Davam edən səfərbərlik isə mövcud iqtidar əleyhinə etirazları artırır.

Yəqin ki, qarşıdakı həftələrdə Rusiya döyüş meydanında üstünlüyü ələ almağa çalışacaq. Bu isə daxildəki gərginliyi artıracaq”.

Turan Rzayev
Globalinfo.az