NATO-nun Kosovo Təhlükəsizlik Qüvvələri ilə, həmçinin Litvada keçirdiyi hərbi təlimlər Rusiyada ciddi narazılıqla qarşılanıb. Moskva rəsmiləri bu təlimləri Alyansın müxtəlif istiqamətlərdə hərbi hazırlıq aparması kimi dəyərləndirib.
Rusiyalı hərbi ekspert Yuri Knutov Arktikada keçirilən manevrlərin də strateji əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, bu cür təlimlər Şimal Dəniz Yolu və Kalininqrad istiqamətinə gedən təchizat marşrutları kimi mühüm kommunikasiya xətlərinin yaxınlığında əməliyyat imkanlarının sınaqdan keçirilməsinə şərait yaradır.
Globalinfo.az-a danışan analitik Elnur Ənvəroğlu bildirib ki, bu hazırlıqlar müharibənin başlanması demək deyil:
“Bu, sadəcə Rusiyanın artmaqda olan aqressiyasına qarşı profilaktik bir tədbirdir. NATO uzun zaman şərq cinahındakı boşluqlardan bugünkü gün qədər xəbərdar olmayıb. Artıq şərqdən əsən səmum küləyi Avropanı həyəcanlandırmağa başlayıb. Bunun da müəyyən səbəbləri var. Deyək ki, ötən ilə qədər Avropa hələ də Rusiya enerjisindən qismən də olsa bəhrələnirdisə, növbəti ildən etibarən bu enerjidən nəinki tam imtina edir, əksinə, Moskvaya qarşı amansız sanksiyalar tətbiq etməyə başlayır. Moskva artıq Ukrayna müharibəsi də uzandıqca Avropanın ona qarşı ciddi tədbirlərə əl atacağını anlayır və ballistik raket ehtiyatlarına güvənərək Avropanın zəif damarını tutmağa çalışır.
Müharibənin baş verməsi üçün Rusiyanın Polşa, ya da sərhəd qonşusu olan hər hansı NATO ölkəsinə müdaxilə etməsi kifayət edə bilər.
NATO-nun öz məlumatına görə, Alyans son illərdə Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra şərq cinahını, yəni Arktikadan Qara dənizə qədər olan ərazilərdə mövqeyini gücləndirib. Hazırda Bolqarıstan, Estoniya, Finlandiya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiyada çoxmillətli quru qüvvələri yerləşdirilir.
2026-cı ilin sentyabrında vəziyyəti daha diqqətlə izləmək üçün üç məqamı nəzərə almaq vacibdir. Birincisi Litvanın bu yaxında keçirdiyi “Perkūno Griausmas 2026” təlimləridir. Bu da hansı ki, NATO-nun “Steadfast Duel 2026” təlimləri ilə əlaqələndirilib. Ssenaridə böhran vəziyyətindən müharibə şəraitinə keçid, sərhəd və kritik infrastrukturların gücləndirilməsi, səfərbərlik və hərbi komandanlığın fəaliyyəti sınaqdan keçirilib.

Elnur Ənvəroğlu
İkincisi isə NATO-nun 2026-cı ilin fevralında “Arctic Sentry” fəaliyyətinə başlamasıdır. Alyans Arktikanı Şimali Atlantikaya çıxış, nəqliyyat və kommunikasiya xətləri baxımından strateji region hesab edir. Finlandiya və İsveçin NATO-ya daxil olması Alyansın şimal cinahındakı imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirib.
Üçüncüsü də Baltik və şərq cinahıdır. NATO 2025-ci ildən “Eastern Sentry” çərçivəsində şərq cinahında müşahidə və müdafiə imkanlarını artırıb və bunu Rusiya ilə bağlı təhlükəsizlik mühitinin dəyişməsi ilə əsaslandırır. O baxımdan Yuri Knutovun dediyi kimi, təlimlərə yalnız ayrı-ayrı hərbi tədbirlər kimi baxmaq çətinləşib. Onlar daha geniş hərbi planlaşdırmanın bir hissəsidir. NATO-nun öz sənədləri də təlimlərin əsas məqsədinin qüvvələrin böhran və münaqişə zamanı fəaliyyətə hazırlanması, komandanlıq prosedurlarının və müttəfiqlər arasında qarşılıqlı fəaliyyətin sınaqdan keçirilməsi olduğunu bildirir.
Lakin bu, NATO-nun hücum taktikası deyil, sadəcə Rusiyanı çəkindirməyə çalışır. Amma ortada risklər böyükdür. Xüsusən Baltik, Arktika və Şərqi Avropada artan hərbi fəaliyyət, Ukrayna müharibəsi və Rusiya ilə NATO arasında qarşılıqlı etimadsızlıq hər hansı insidentin daha böyük böhrana çevrilməsi riskini yüksəldə bilər”.
Turan Rzayev
Globalinfo.az