İsrailin keçmiş baş naziri Ehud Barak Baş nazir Benyamin Netanyahunu sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun “Haaretz” qəzetində məqaləsi dərc olunub.
E.Barak hökumətin xalqın reallıqlarından uzaqlaşdığını bildirib:
“İsrail dövlətin sərvətlərini özəl mülkiyyəti kimi görən bir rejim tərəfindən ələ keçirilib. Ölkə sanki Netanyahunun, həyat yoldaşı Saranın və nəqliyyat naziri Miri Regevin şəxsi mülkü kimi idarə olunur. Netanyahu devrilsin! Xalqı qarşıdan gələn seçkilərdə ölkəyə nəzarəti geri almağa çağırırıq”.
Keçmiş Baş nazir Ehud Barak başqa bir məqalədə 28 fevralda başlayan İranla müharibənin tamamilə fiasko olduğunu da yazıb.
O, ABŞ və İsrailin hərbi üstünlüyünə baxmayaraq, məqsədlərə çatılmadığını bildirib və Netanyahunun uğursuz siyasətini belə şərh edib:
“Müharibənin heç bir məqsədinə nail olunmayıb. HƏMAS hələ də Qəzzada, “Hizbullah” isə Livanda varlığını qoruyub saxlayır. Ən əsası, Tehran rejimi İsrail-ABŞ birgə hücumundan uğurla çıxıb: onun nüvə və ballistik raket təhdidləri aradan qaldırılmayıb. Bu, güc balansı baxımından ciddi strateji və siyasi uğursuzluqdur”.
Ehud Barak həmçinin İsrailin müstəqil qərar qəbuletmə mexanizmini itirdiyini və Vaşinqtonun nəzarəti altına düşdüyünü iddia edib:
“İsrail sərt və bəzən alçaldıcı direktivlər vasitəsilə diplomatik qərarlar qəbul edən ABŞ-a tabe olan bir dövlətə çevrilib. Bu vəziyyət İsrailin bölgədəki çəkindirici gücünə ən böyük zərbələrdən birini təmsil edir”.
Əliyar Xəlil
Globalinfo.az