israil

İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumata görə, hücumlar nəticəsində daha 97 nəfər yaralanıb.

Qeyd edək ki, bundan əvvəl İsrail ilə Hizbullah arasında atəşkəs razılaşmasının əldə olunduğu açıqlanıb.

Günün əvvəlində verilən məlumata əsasən, İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Nəbatiyyə vilayəti ərazisində “Hizbullah”ın mövqelərinə endirdiyi zərbələr nəticəsində 16 nəfər ölüb.

Harruf qəsəbəsinə təşkil edilən hava hücumu zamanı səkkiz mülki şəxs həyatını itirib. Əş-Şərqiyyə yaşayış məntəqəsində bir ev dağılıb, nəticədə dörd nəfər ölüb. Daha üç nəfər isə Kfar Sir qəsəbəsinə endirilən zərbə zamanı həlak olub.

Əd-Duveyr bölgəsindən də bir nəfərin öldüyü barədə məlumat daxil olub. Bildirilir ki, İsrailə məxsus pilotsuz uçuş aparatı motosikleti hədəfə alıb və ölən şəxsin Hizbullah üzvü olduğu ehtimal edilir.

Bundan əvvəl isə İsrail Müdafiə Qüvvələri açıqlama yayaraq iyunun 19-na keçən gecə Livanın cənubundakı bir neçə bölgədə “Hizbullah”ın mövqelərinə və infrastruktur obyektlərinə qarşı əməliyyatlar həyata keçirdiyini bildirib.

İsrail ordusu bu hücumların atəşkəs rejiminin Hizbullah tərəfindən pozulmasına cavab olaraq həyata keçirildiyini bəyan edib. Eyni zamanda, Ağ Ev məlumat yayıb ki, Cey Di Vens İranın nüvə proqramı ilə bağlı yeni danışıqlar raundunda iştirak etmək məqsədilə nəzərdə tutulan İsveçrə səfərini təxirə salıb.

İsrailin Baş naziri Benyamin Netanyahu isə bildirib ki, İranın İsrail qoşunlarının Livanın cənubundan çıxarılması ilə bağlı tələblərinə baxmayaraq, ölkəsi həmin ərazidə təhlükəsizlik zonasını qoruyub saxlayacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: