Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) İsrailin Eylat bölgəsinə PUA zərbəsi endirib. Nəticədə 20 nəfər yaralanıb.
Hücumun arxasında hansı qüvvə dayana bilər?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Yəməndə husilərin İran dəstəyinə arxalanması artıq məlumdur:
“Əks təqdirdə, husilər bu qədər uzun müddət mübarizə apara bilməzdilər. Hətta bu gün əldə etdikləri güc o qədər artıb ki, zaman-zaman İsrailə belə zərbə endirə bilirlər.
Burada iki ehtimal var:
Birincisi, hücum husilərin öz qərarı ilə həyata keçirilib;
İkinci ehtimal isə hücumun bilavasitə İranın təlimatı ilə baş tutmasıdır.
Əgər doğrudan da hücumun arxasında İran faktoru dayanırsa, bu, Tehrana heç bir müsbət nəticə verməyəcək. Əksinə, İran bu yolla Təl-Əvivi birbaşa qarşısına almış olacaq. İsrail isə bu hücumu İranın təxribatı kimi qəbul edərək, onu səbəb göstərib son 12 gündəki gərginliyi yenidən alovlandıra bilər”.
Turan Rzayev
Globalinfo.az