Yüksəkrütbəli iranlı bir şəxs “Əl-Cəzirə” telekanalına açıqlamasında deyib ki, İranın nüvə obyektlərinə hücum böyük bir müharibə demək olacaq və bunun üçün İsrail məsuliyyət daşıyacaq.
Qeyd etmək lazımdır ki, İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi İranın uranı rekord sürətlə zənginləşdirdiyini, bunun İsrailin cavabına səbəb ola biləcəyini deyib.
Görünür rəsmi Tehran bu açıqlamadan ciddi narahatlıq keçirir.
Maraqlıdır, İranın bütün etirazlara baxmayaraq uranı zənginləşdirməsi və nüvə silahı əldə etmək istəməsinə rəsmi Təl-Əviv necə reaksiya verəcək? İsrailin İrana məxsus nüvə obyektlərinə hücum etməsi mümkündür? Bu nə ilə nəticələnə bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, İsrailin İrana məxsus nüvə obyektlərinə hücum etməsi mümkündür:
Tural İsmayılov
“Məsələ ondadır ki, İran bütün dünyanın çağrışlarına rəğmən uranı zəngiləşdirməyə davam edir. Təsadüfi deyil ki, bu istiqamətdə Qərblə aparılan danışıqlar da nəticəsiz qaldı və bunun da ən böyük səbəbkarı yenə Tehran rejimidir.
Aydın məsələdir ki, İranın uranı zənginləşdirməyi dayandırmaq kimi bir niyyəti yoxdur. Rəsmi Tehran nüvə silahını almaqda qərarlıdır. Tehran bu yolla həm özünün təhlükəsizliyini təmin etmək, həm də regionda nüfuzunu, daha dəqiq desək, qorxu hegemoniyasını bərqərar etmək istəyir. Digər tərəfdən, bu, həm də İrana daxili sabitliyi təmin etmək üçün lazımdır.
Rəsmi Tehran faktiki olaraq Şimali Koreyanın izlədiyi xarici siyasət modelini mənimsəyib. Nüvə silahını əldə edərək digər ölkələri qorxu içərisində saxlamaq istəyir”.
Politoloqun sözlərinə görə İranın nüvə silahını əldə etməsi ən çox İsraili narahat edir:
“İran İsrailin təbii düşmənidir. Təsadüfi deyil, Tehran İsraili məhv etməyi, dövlət siyasətinin bir parçası halına gətirib. Belə olan təqdirdə İsrailin narahat olması anlaşılandır.
Təl-Əviv artıq neçənci dəfədir ki, uranı zənginləşdirməyi dayandırması üçün İrana xəbərdarlıq edib. Tehran isə bu xəbərdarlıqlara məhəl qoymur. Belə olan təqdirdə İsrailin İrana məxsus nüvə obyektlərini vurmaqdan başqa yolu qalmır. Buna görə də mən bu versiyanı real hesab edirəm.
Düzdür, İsrail və ABŞ bu məsələdə fərqli görüşlərdə olsalar da Təl-Əviv Vaşinqtonun bütün təmkinli açıqlamaları ilə razılaşmır. Rəsmi Vaşinqton belə bir hücumun regionu yeni dəhşətli müharibəyə sürükləyəcəyini yaxşı bilir. Özü də bu müharibə Rusiya-Ukrayna müharibəsindən fərqli olaraq ABŞ-a birbaşa təsir edəcək. Buna görə də ABŞ tərəflər arasında gərginliyin real hərbi toqquşma kontekstinə keçməsini istəmir”.
Turan Rzayev
Globalinfo.az