İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib – Ceyhun Bayramov

İsrail 30 il müddətində Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini və təhlükəsizliyini dəstəkləyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın İsraildə səfirliyinin təntənəli açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, bu gün əhəmiyyətli gündür.

O vurğulayıb ki, iki ölkə arasında çox paralelliklər var, bu ölkələr qədim mədəniyyətlərin daşıyıcılardıır:

“İki ölkə arasında diplomatik əlaqələr 30 il ərzində inkişaf edib, bu ölkə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini dəstəkləyib. Bu səfirlik iki ölkə və xalq arasında strateji tərəfdaşlığın dərinləşməsində vacib rol oynayır”.

Nazir deyib ki, səfirliklər olmadığı müddətdə diaspora əlaqələrin dərinləşməsində vacib rol oynayıb, Azərbaycanı İsraildə layiqincə təmsil edib.

Nazir vurğulayıb ki, iki ölkə arasında münasibətlər əsrlər öncəyə gedib çıxır:

“Yəhudi icması Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayır. Azərbaycanda antisemitizm heç vaxt olmayıb və olmayacaq. Siyasi dialoqumuz qarşılıqlı inama, dostluğa əsaslanır. Son 30 ildə formal münasibətlər strateji əlaqələrə çevrilib.

2022-ci ildə ticarət dövriyyəsi 85 faiz artıb. Enerji əməkdaşlığımız strateji tərəfdaşlıqda vacib paya malikdir, Azərbaycan İsrailin etibarlı enerji təchizatçısıdır”.