İrəvanın “Azərbaycan casusları” əməliyyatı – İNANILMAZ FAKTLAR

Ermənistanın son bir ildə Azərbaycana casuslarının həbsi ilə bağlı detallar ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, son dövrlərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin dövlətə xəyanətdə ittiham edərək, həbs etdiyi şəxslər azadlığa buraxılmağa başlayıb. Ümumilikdə keçən il ərzində dövlətə xəyanətdə 20 nəfərin ittiham edildiyi, onlardan 14-nün saxlandığı vurğulanıb.

Qəzet xəyanət ittihamı ilə həbs edilib, sonradan azadlığa buraxılan bir neçə şəxslə görüşməyi bacarıb. Belə ki, bunlardan biri Qarik Eloyan adlı bölük komandiri olub. 5 ay həbsdə saxlanılan Eloyana qarşı casusluq ittihamı gülünc doğuracaq əsaslarla irəli sürülüb. Belə ki, bir qadın bölük komandirinə zəng edərək, ondan hərbi xidmətdə olan oğlu ilə əlaqə qurmaqda kömək etməsini xahiş edib. Bundan sonra Eloyan belə bir şəxsin onun bölüyündə xidmət etmədiyini müəyyənləşdirib. Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti əks qənaətə gəlib və zəng edən qadının Azərbaycan kəşfiyyatına çalışmasından şübhələnərək, 5 ay bu iş üzərində araşdırma aparıb.

Eloyanla yanaşı Ararat vilayətində müddətdən artıq hərbçi kimi xidmət edən D.Tovmasov da təxminən eyni taleyi yaşayıb. O, keçən ilin fevralından iyununa qədər Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb, daha sonra isə haqqında heç bir dəlil tapılmadığından azad olunub. Az sonra isə yaralanaraq, ordudan tərxis edilib.

“Azərbaycan casusu” olan Taron Amirxanyan da Ermənistan əks-kəşfiyyatının “uğurlu” əməliyyatı nəticəsində saxlanılıb. Belə ki, Milli Təhlükəsizlik Xidməti kapitan rütbəli Amirxanyanı sosial şəbəkələrdə saxta qadın hesablarla tanış olaraq, onun vasitəsilə məlumatlar ötürməkdə ittiham edib. Məsələ ondadır ki, Amirxanyanın “Viber” sosial şəbəkəsində tanış olduğu Gürcüstan vətəndaşı olan qadın əslində saxta yox, real olub. Hətta Amirxanyan bu qadını o qədər bəyənib, qızıl üzük alaraq, qıza evlilik təklif belə etmək istəyib, lakin son anda kapitanın anası buna qarşı olduğunu dedikdən sonra o bu fikrindən imtina edib. Bundan sonra isə Amirxanyan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Ona dövlət və hərbi sirləri düşmənə satmaq ittihamı irəli sürülüb. İttihamın irəli sürülməsinə səbəb isə Amirxanyanın qadınla yazışması zamanı sadəcə hərbi hissənin önündən bir neçə foto çəkib atması olub. Vəziyyət o həddə çatıb ki, saxlanılan Amirxanyan hətta bir müddət tək kamerada belə saxlanılıb, lakin bir müddət sonra işi bağlamaq məcburiyyətində qalıblar.

İlkin Həsənov
Globalinfo.az