Avropa Siyasi Birliyinin (ASB) 8-ci Zirvə Görüşündə iştirak üçün bir sıra yüksək səviyyəli rəsmi şəxslər Ermənistana səfər ediblər.
Avropa Şurasının Prezidenti Antonio Kosta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Parlamentinin Prezidenti Roberta Mezzola hazırda İrəvandadırlar. Onları Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan qarşılayıb.
8-ci Zirvə Görüşü həm Ermənistanda parlament seçkiləri öncəsi, həm də regional siyasi proseslər fonunda diqqət çəkir.
Globalinfo.az-a danışan erməni politoloq Garik Keryan deyib ki, 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılan ASB müasir beynəlxalq münasibətlərdə tamamilə yeni reallıqdır:
“Bu, beynəlxalq təşkilat deyil, onun nizamnaməsi və qəbul edilən qərarların icra mexanizmləri yoxdur. Demək olar ki, dialoq, əməkdaşlıq, dostluq mühitinin formalaşdırılması və dövlətlərarası əlaqələrə müsbət fon formalaşdırılması məqsədilə yaradılıb.
Bununla yanaşı, aydın şəkildə müəyyən edilmiş və uzaqgörən siyasi məqsəd də mövcuddur. Bu foruma yalnız Avropa İttifaqına (Aİ) üzv dövlətlər deyil, həm də İttifaqla qonşuluq, assosiasiya və tərəfdaşlıq sazişləri olan ölkələr – Ukrayna, Ermənistan, Türkiyə, Gürcüstan, Azərbaycan kimi, Aİ-nin müxtəlif proqramlarına daxil edilmiş dövlətlər də dəvət olunur. Bu ölkələrin, ehtimal ki, İttifaqa üzv olmaq perspektivi yoxdur, lakin onlar ABŞ və Aİ üçün iki məqsəd baxımından vacibdir.
Birincisi, bu ölkələri Qərbin maraqları zonasına daxil etmək, ilk növbədə onların bazarlarını inkişaf etdirməkdir.
İkincisi, siyasi baxımdan əsas strateji məqsəd Aİ-yə qonşu ölkələrdə Rusiya və Çinin təsirini minimuma endirməkdir. Təşəbbüsün necə nəticə verəcəyini yaxın bir-iki ilin siyasi prosesləri, xüsusilə Ukrayna və İran istiqamətlərindəki hərbi toqquşmalar göstərəcək”.

Garik Keryan
Ekspert deyib ki, Avropa Siyasi Birliyi sammitinin İrəvanda keçirilməsi iyun ayında Ermənistanda baş tutacaq parlament seçkilərinə də təsir göstərəcək:
“İlk növbədə, hökumət və müxalifət qarşıdurmasında kimin üstün olacağı, hansı qütbün qazanacağı, hansının isə itirəcəyi məsələsinə baxmaq lazımdır.
Aydındır ki, bu samitin keçirilməsi hazırkı hökumət üçün müsbət addımdır. Seçicilər ASB-ni Ermənistanın xarici siyasət kursunun dəyişməsinə bütün Avropa Birliyinin dəstəyi kimi qəbul edirlər. Bu, hakim partiyanın reytinqinin artmasına təsir edən amildir. Lakin məsələnin mənfi tərəfi də var. Müxalifət Rusiyaya qarşı müharibə aparan “düşmən qüvvə”nin Ermənistan ərazisində yerləşdirilməsinin dağıdıcı nəticələri barədə arqumentləri yenidən gündəmə gətirə bilər: qaz, atom elektrik stansiyası, kənd təsərrüfatı, xaricdə çalışan üç yüz mindən çox insan, 2,5 milyonluq rus-erməni icması, onların pul köçürmələri, təhlükəsizlik təminatları və s. Belə bir təbliğat sistemli şəkildə aparılması hökumətin Avropanın dəstəyini alması fikrini kölgədə qoya bilər.
Sammit qonşu İranda da mənfi qarşılanır, burada istənilən Qərb dövlətinin mövcudluğu təhlükə kimi qəbul edilir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvandakı sammitdə birbaşa iştirak etməyəcəklər. Bu fakt göstərir ki, Bakı və Ankarada Ermənistana qarşı etimadsızlıq hələ də qalmaqdadır. Lakin onlayn formatda liderlərin qoşulması müsbət hadisədir.
Ukrayna Prezidenti Volodimir Zelenski də sammitdə iştirak üçün İrəvana gəlir. O, hazırda bütün beynəlxalq platformalarda həddindən artıq aktivdir, hətta ənənəvi olaraq Rusiyanın təsir zonası sayılan bölgələrə də daxil olur. Zelenski həmçinin Qazaxıstan Przidenti Kasım-Jomard Tokayev və İlham Əliyevlə də görüşüb və istisna deyil ki, yaxın vaxtlarda onu postsovet məkanının digər ölkələrində də görmək mümkün olacaq. Bu fəaliyyət Vaşinqton və Brüsseldə birmənalı qarşılanmır. ABŞ Prezidenti Donald Tramp onu müharibəni dayandırmağa məcbur edə bilmədiyi üçün narazıdır, Avropa liderləri isə əksinə, onu təşviq edirlər. Ermənistan üçün Zelenskinin səfəri seçki kampaniyası dövründə müzakirə və əks-təbliğat mövzusuna çevrilə bilər. “Ukraynalaşma” təhlükəsindən və Trampın narazılığından danışaraq hökuməti tənqid etmək mümkündür”.
Turan Rzayev
Globalinfo.az