Ermənistanın paytaxtı İrəvanda Ağsaqqallar Şurasının iclasında baş verən dava siyasi qalmaqala səbəb olub.
Globalinfo.az xəbər verir ki, “Ana Ermənistan” fraksiyasının üzvü Sarkis Ter-Esayan insidentə görə hakimiyyət nümayəndələrini günahlandırıb.
O bildirib ki, qarşıdurma iclas zamanı vitse-mer Armen Pambuxçyanın fraksiya lideri Andranik Tevanyanı “dövlətə xəyanətdə” ittiham etməsindən sonra başlayıb.
Ter-Esayanın sözlərinə görə, onlar bu fikirlərə etiraz etdikdən sonra hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələrindən biri onların tərəfinə su şüşəsi atıb və sonra dava başlayıb.
Müxalifət təmsilçisi iddia edib ki, onları kameraların görmədiyi dəhlizə çıxararaq fiziki təzyiq göstəriblər. O, baş verənlərə görə İrəvan meri Tiqran Avinyanı məsul hesab etdiyini vurğulayıb.
Ter-Esayan həmçinin hakimiyyətin məqsədli şəkildə qorxu mühiti yaratdığını və bunun müxalif qüvvələrin fəaliyyətinə mane olmaq məqsədi daşıdığını irəli sürüb.
Qeyd edək ki, insident zamanı Sarkis Ter-Esayanın göz nahiyəsindən xəsarət aldığı bildirilir. Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.
Əliyar Xəlil