muharibe top

Ermənistan rəsmilərinin əsassız ittihamları sülh perspektivinə mane olur.

Bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov son vaxtlar Ermənistanın Azərbaycana qarşı əsassız iddialarla sülh prosesini ləngitməsi haqda danışarkən deyib.

O bildirib ki, rəsmi Bakının tutduğu mövqe humanizmin təzahürüdür:

“Lakin İrəvanın əsassız bəyanatları ilə hərbi təxribatların eyni vaxtda düşməsi, həmçinin İranla artan hərbi əməkdaşlığı, Hindistandan silahlar alınması onu deməyə əsas verir ki, qarşı tərəf regiondakı gərginliyi süni şəkildə artırmağa çalışır. Bu, əlbəttə, qəbuledilməzdir.

Ermənistan hərbi-siyasi rəhbərliyinin hazırkı regional siyasətinin əsas məqsədi sülh müqaviləsinin imzalanmasını mümkün qədər gecikdirməkdir. Lakin bizim gözləməyə vaxtımız yoxdur.

Paşinyan bu günlərdə deyib ki, növbəti eskalasiya olmayacaq və Azərbaycanla sülh müqaviləsi imzalanacaq. Fikrimcə, bu bəyanat daha çox manipulyasiya xarakteri daşıyır. Ermənistan müharibə istəmirsə, niyə təxribatlardan əl çəkmir? Düşünürəm ki, hökumət başçısının fikirləri ancaq ictimai rəyə hesablanıb.

İstisna deyil ki, Paşinyan hakimiyyəti növbəti eskalasiyaya çıxış yolu kimi baxır. Belə ki, növbəti dəfə məğlubiyyətə uğrayandan sonra Ermənistan hakimiyyəti həm daxildəki müxalifətə, həm də xarici güclərə sülhdən başqa yolunun olmadığını göstərəcək.

Bütün hallarda sülh müqaviləsinin imzalanmasını ləngitmək və hərbi-siyasi təxribatlar İrəvanın özünə ziyandır. Ermənistan hərbi-siyasi hakimiyyəti tarixi təcrübədən dərs çıxarmalıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: