İrəvanın yeni PLANI: “Qoşunların geri çəkilməsi üçün…” – Analitikdən bədbin proqnoz

“Mirzoyanın açıqlamaları rəsmi İrəvanın artıq bəlli olan mövqeyinin yenidən gündəmə gətirilməsidir və bu yanaşma Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasını, regional əməkdaşlığın qurulmasını çətinləşdirir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın mətbuat konfransında söylədiklərini şərh edərkən deyib.

Onun sözlərinə görə, İrəvan sərhədin delimitasiyasının da sülh sazişinə daxil edilməsinə çalışır, halbuki məsələnin bu cür qoyuluşu müqavilənin imzalanmasını uzada bilər, çünki delimitasiya uzunmüddətli prosesdir:

“Ermənistanın mövqeyi belədir ki, sülh sənədində delimitasiyanın hansı prinsiplər, hansı xəritələr əsasında aparılması əksini tapsın. Bu da gələcəkdə sərhədlə bağlı planlarının legitimləşdirilməsi gedişidir. Ermənistan 1970-ci illərin xəritələrini irəli sürməklə delimitasiyanı öz xeyrinə həll etmək istəyir, o cümlədən, “güzgü prinsipi”ndən çıxış edərək, qoşunların geri çəkilməsinə nail olmağa çalışır. Delimitasiyanın sülh sazişindən sonraya saxlanılması İrəvanın gələcəkdə bu istəklərinin reallaşmasını daha da çətinləşdirəcək, yəni qoşunlar ən azı dayandıqları mövqedən geri çəkilməyəcək. Buna görə məsələni sülh sənədinə daxil etməklə zəmanət əldə etmək istəyirlər.

Asif Nərimanlı

İrəvanın kommunikasiyanın açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı yanaşması sülh prosesini tormozlayır. Bu məsələ 10 Noyabr razılaşmasına əsasən həll edilməli idi, Ermənistan qəbul etmədi və Zəngəzur dəhlizi regionda geosiyasi mübarizənin predmetinə çevrildi. Bu halda rəsmi Bakı “Azərbaycandan Azərbaycana prinsipini” irəli sürdü, yəni Naxçıvana maneəsiz keçidin olmasını. Ermənistan bunu da qəbul etmir. Bu da sazişin imzalanmasını mümkünsüz edir, çünki İrəvan heç nə vermədən qazanmaq istəyir. Halbuki sülhün əldə edilməsi, kommunikasiyaların açılması ən çox Ermənistan üçün vacibdir. Mövcud vəziyyət davam edərsə, Azərbaycan heç nə itirmir.

Hazırkı vəziyyətdə tərəflər arasında ziddiyyətlərin dərin olduğunu deyə bilərik. Mirzoyanın açıqlamaları göstərdi ki, Ermənistan prosesi tormozlayan mövqeyindən geri çəkilmək niyyətində deyil. Bunun fonunda İrəvanın Ankara ilə münasibətləri qurmaq, sərhədləri açmaq istəyi baş tutmayacaq. Türkiyənin mövqeyi bəllidir: Ermənistan Azərbaycanın gündəliyinə uyğun saziş imzalamadığı müddətdə “dalan ölkə” olmaqdan çıxa bilməyəcək”.

Turan Rzayev
Globalinfo.az