Zəngəzur üçün yeni model aranı qarışdırdı – Paşinyanın Bakıya hiyləgər təklifi…

Erməni türkoloq Varujan Geqamyan iddia edib ki, Türkiyənin nümayəndə heyəti Antalya Diplomatiya Forumunda Ermənistan nümayəndə heyətinə Zəngəzura müvafiq status verilməsini təklif edib. Onun iddiasına görə, Türkiyənin Ermənistanla danışıqlar üzrə nümayəndəsi Sərdar Kılıçın başçılıq etdiyi heyət Ermənistan nümayəndələrinə təklif edib ki, Zəngəzura Rusiyaya bağlı olan Kalininqrad modelinə bənzər status verilsin.

Məsələni Globalinfo.az-a şərh edən analitik Asif Nərimanlı deyib ki, Zəngəzur dəhlizinə Kalininqrad modelinin tətbiq edilməsi gündəmdə idi:

“Bu təklif ilk dəfə Prezident İlham Əliyevin Brüsseldə iştirak etdiyi görüşdə müzakirə edilmişdi. Dəhlizin 10 Noyabr bəyannaməsinin 9-cu bəndinə əsasən açılmasını Ermənistanla yanaşı Qərb də istəmir. Rusiyanın burada iştirakını, təhlükəsizliyi qorumasını qəbul etmirlər. Zəngəzur dəhlizi, ümumiyyətlə, kommunikasiyaların açılması Azərbaycan-Ermənistan məsələsindən çıxıb, qlobal mübarizə müstəvisinə keçib. Bu amil prosesi çətinləşdirir, Ermənistanın manevr imkanlarını artırır. Azərbaycan da Kalininqrad dəmiryolu xəttinin təcrübəsindən istifadəni təklif edir. Bu “Azərbaycandan Azərbaycana” prinsipidir. Naxçıvana daşınacaq yüklər, gedən şərnişinlərə gömrük rüsumu tətbiq edilmir. Amma bu marşrutdan istifadə edən digər ölkələr, məsələn üçüncü ölkədən Ermənistana, Ermənistan vasitəsilə də Avropaya daşınan yüklərə və gedən sərnişinlərə bu qayda keçərli deyil”.

Politoloqun fikrincə, Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirmədən sülh sazişi imzalamağa çalışır:

“Ermənistan “Sülh qovşağı” layihəsinin qəbul edilməsində maraqlıdır. Bu da o deməkdir ki, Azərbaycan bu günə qədər Asiya və Avropa arasında oynadığı körpü rolunu Ermənistana pay verir. Bu, qəbuledilməzdir. Ona görə də ən uyğun variant “Azərbaycandan Azərbaycana” prinsipinin tətbiq edilməsidir.

Məsələnin Türkiyə tərəfindən də razılaşdırıldığı görünür. Çünki Zəngəzur dəhlizində əsas maraqlı ölkələrdən biri də odur. Antalya Diplomatiya Forumunda müzakirə edilməsi rəsmi Bakı və Ankaranın ortaq təklifi olduğundan xəbər verir. Hətta Türkiyə-Ermənistan münasibətlərinin normallaşması çərçivəsindəki müzakirələrdə də sözügedən məsələ yer ala bilər”.

Safura Bənnayeva
Globalinfo.az