İrəvan gələn ay KTMT-dən çıxır: Putin niyə Paşinyanı təriflədi?

Hər ilin sonunda KTMT-də sədrliyi başa çatan ölkənin paytaxtında quruma üzv dövlətlərin prezidentlərinin iştirak etdiyi KTMT Şurasının iclası keçirilir. Ötən il noyabrın 23-də İrəvanda KTMT Şurasının iclası keçirildi və Ermənistan KTMT-yə sədrliyi Belarusa verdi. Bu ilin noyabrında Minskdə KTMT Şurasının sessiyası keçiriləcək. Amma Ermənistan həmin sessiyada iştirak etməyəcək, Paşinyan KTMT-yə üzv ölkələrin liderlərinin görüşünə getməyəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib.

Nəşr yazıb ki, Ermənistan KTMT-dəki nümayəndəsini də geri çağırıb:

“Hazırda Ermənistan KTMT Şurasının iclasında hətta ən aşağı səviyyədə də təmsil olunmur. Bu, Ermənistanın KTMT-dəki üzvlüyünün faktiki olaraq dayandırılması kimi təqdim olunacaq. Bir il ərzində Ermənistan həmin strukturla heç bir əlaqə saxlamayıb, hərbi təlimlərdə, birgə tədbirlərdə iştirak etməyib, öz nümayəndəsini geri çağırıb və noyabrın 20-də Paşinyan KTMT-nin ali orqanı olan Şuranın sessiyasında da iştirak etməyəcək”.

Məqalədə iddia edilib ki, bir neçə gün öncə İTV-yə müsahibəsində Rusiya hərbi bazası və rus sərhədçilərlə heç bir problem olmadığını deyən Paşinyan əslində bununla atacağı addım qarşısında Kremli sakitləşdirməyə çalışıb.

“Nikol deyir ki, bizim KTMT-nin işini boykot etməyimiz vacib deyil, önəmli olan Rusiya ilə münasibətimizi saxlamaqdır; yəni narahat olmayın, sizin hərbi bazanızı və sərhəd qoşunlarınızı heç nə təhdid etmir, onlar Ermənistanda olublar və burada da qalacaqlar. Qərbə isə deyəcək: “Baxın, mən əslində Putinin o strukturundan gedirəm, artıq o təhlükəsizlik sisteminin üzvü deyiləm, sizinlə təhlükəsizlik və digər sahələrdə əlaqələri dərinləşdirirəm. O ki qaldı Ermənistanda yerləşən rus hərbi bazası və ya sərhədçilərinə, biz o məsələni də həll edəcəyik, mənə vaxt verin, addım-addım onları Ermənistandan sıxışdırıb çıxaracağıq. Sadəcə, Türkiyə ilə münasibətləri nizamlamaq, sərhədi açmaq lazımdır, bundan sonra rus sərhədçilərin olması mənasızlaşacaq, sonra hərbi bazanın çıxarılması problemini həll edəcəyik”, – təhlildə vurğulanıb.

Müəllifin fikrincə, Rusiya Paşinyanın nə etdiyini anlayır, ancaq vaxt udmağa çalışır:

“Putin Paşinyanı tərifləyir, çünki indi münasibətləri pisləşdirmək və ya Ermənistanı düşmən elan etmək vaxtı deyil, Rusiya bundan heç nə qazanmayacaq. Rusiyanın mübarizəsi Qərblədir və əgər Rusiya Ukraynada Qərbə qarşı müharibədə qalib gələ bilsə, müharibə başa çatdıqdan sonra danışıqlar masasında təkcə Ukraynada deyil, Cənubi Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə təsir məsələsi müzakirə olunacaq”.