Ermənilərin AZAL-ın təyyarələrini hədəf aldığı qurğuları ruslar quraşdırıb: gizlinlər ortaya çıxır

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur.

Bu, həmin hava məkanından istifadə edən təyyarələrin təhlükəsizliyinə təhdiddir.

Maraqlıdır, Azərbaycan mövcud vəziyyət qarşısında hansı addım atmalıdır. Bunun qarşısını necə almaq olar? Ermənilərin bu addımı atmaqda məqsədləri nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, keçən ilin avqust ayında Rusiya sülhməramlıları tərəfindən Xocalı şəhərinin hava limanında radiolokasiya stansiyaları quraşdırarkən mən bu məsələyə aydınlıq gətirilməsini tələb etmiş, hətta bununla əlaqədar olaraq geniş bir məqalə yazmışdım:

Ədalət Verdiyev

“Sülhməramlı kontingentin bu fəaliyyətlərinə indiyə qədər hələ də aydınlıq gətirilməyib. Bu, birgə bəyanata ziddir. Məsələn, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən Xocalı aeroportu ərazisində Rusiya sülhməramlılarının qanunsuz olaraq yerləşdirdiyi vasitələrdən biri “Kasta-2E2” radiolokasiya stansiyasıdır. Rusiya istehsalı olan mobil radiolokasiya stansiyası desimetr diapazonunda və növbətçi rejimdə dairəvi görünüşü təmin edir.

“Kasta-2E2” aşağı hündürlüklü üç koordinatlı radar stansiyası hava məkanına nəzarət etmək, hava obyektlərinin – təyyarələrin, helikopterlərin, qanadlı raketlərin və PUA-ların marşrut istiqamətlərini, uçuş məsafəsini, azimutunu və hündürlüyünü müəyyən etmək üçün nəzərdə tutulub.

RLS kiçik və son dərəcə aşağı hündürlüklərdə uçan hədəflər də daxil olmaqla, hava hücum vasitələrini yer səthindən, yerli obyektlərdən və hidrometeoroloji birləşmələrdən intensiv əks olunan şüalar fonunda aşkarlamaq imkanına malikdir.

Bu RLS-in müdafiə silahı olmasına baxmayaraq, Azərbaycanın razılığı olmadan onun ərazisində silah yerləşdirilib və bu yolverilməzdir.

İstənilən halda rus sülhməramlılarının müvəqqəti dislokasiya ərazilərində yerləşdirilən silahlar təyinatından asılı olmayaraq, Azərbaycana qarşı yönəlib. Biz bunu bu gün bir daha görürük. Hesab edirəm, indiki məqamda Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi vacibdir. Əgər bu baş versə, separatçıların da fəaliyyəti dayanacaq və növbəti etapda onların tərki-silah edilməsi prosesi də daha asan olacaq”.

Azad İsazadə

Konfliktoloq Azad İsazadənin sözlərinə görə, bu təxribatlar birbaşa Brüssel görüşü ilə bağlıdır:

“Qarabağda yerləşən separatçılar ilə Rusiya sülhməramlıları bunu məqsədyönlü şəkildə edirlər. Ümumiyyətlə Rusiya onun iştirak etmədiyi formatların varlığını qəbul etmir. Bu mənada bu həm də Kremlin bir etiraz formasıdır. Aydın məsələdir ki, separatçılar onlardan xəbərsiz, icazəsiz nəsə etməzlər.

Hesab edirəm, Ermənistan və Azərbaycanın Qərb formatında ortaq məxrəcə gəlmə ehtimalı yüksəkdir. Bunun baş verməsini isə Rusiya tərəfi istəmir.

O ki qaldı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq etməsinə, deyə bilərəm ki, ciddi tədbirlər görülməlidir.

Ümumiyyətlə həmin ərazilərdən uçuşu qadağan etməliyik. Yəni nə yerli, nə də xarici təyyarələrin bu hava məkanından istifadəsini dayandırsaq Rusiya sülhməramlıları da, separatçılar da istifadə edə bilməyəcək. Yeganə çıxış yolu budur. Ümumiyyətlə, biz bunu çoxdan etməli idik. Bu yolla ermənilərə hava yolu ilə gələn yardımın qarşısını ala bilərik”.

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Qarabağda separatçılar konkret Azərbaycanın təhlükəsizliyini təhdid edir:

“Separatçıların Füzuli -Bakı təyyarəsinə qarşı radiomaneə yaratması qırmızı xətti keçməkdir. Brüssel danışıqlarından sonra hərbi əməliyyatlar mütləqdir. Hətta Ermənistan Baş naziri Nikol Paşinyan da Qarabagdakı separatçılardan canını qurtarmağa çalışır.

Arayik Arutyunyan və quldur dəstəsinə qarşı hərbi əməliyyatlar keçirilməlidir. Vaxt uzandıqca separatçıların təxribatları genişlənir. Qarabağdakı erməni separatizmini tamam kəsib atmaq vaxtıdır. ABŞ və Avropada Azərbaycanı dəstəkləyir. Rusiya separatçılara nəfəs verir. Bu nəfəsliyi bağlamaq iqtidarındayıq. İmkan verə bilmərik Rusiya gəlib bizə qarşı erməni separatizmini inkişaf etdirsin, dəstəkləsin.

Turan Rzayev
Globalinfo.az