İranın terroru dəstəkləməsi bölgəyə fəlakət vəd edir – Ekspertlər təhlükəni dəf etməyin yollarını göstərirlər

İran İslam Respublikasının terror siyasəti yürütməsi və digər dövlətlər üçün təhdid olması zaman-zaman müxtəlif dövlətlər tərəfindən səsləndirilir. Bu ölkə Yaxın Şərq regionunda şiə terrorçu qruplaşmaları maliyyələşdirməkdə, qanunsuz silah dövriyyəsini həyata keçirməkdə, narkotik qaçaqmalçılığında və s. digər fəaliyyətlərdə ittiham olunur.

İran Ermənistanın terrorçu hərəkətlərinə göz yummaqla, hətta bəzən bunu dəstəkləməklə İslam həmrəyliyinə, müsəlman birliyinə zərbə vurur. Son dövrdə İranın Azərbaycana qarşı açıq-aşkar təxribatları münasibətlərə ciddi xələl gətirib. İranın daxilində isə iki aya yaxındır davam edən kütləvi etiraz dalğası bu rejimin gələcəyini sual altında qoya bilər.

Bununla yanaşı, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə jurnalistin “İrandan Azərbaycana qarşı artan kəskin ritorikaya ABŞ-ın mövqeyi necə olacaq” sualına belə cavab verib:

“İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı müqavimət göstərməyə davam edəcəyik”.

Politoloq Əlimusa İbrahimov Globalinfo.az-a bildirib ki, İran Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin terrorizmi dəstəkləyən dövlətlər siyahısına 1984-cü ilin 19 yanvarında salınıb. Amma onun bu vaxta qədər dünyanın müxtəlif bölgələrində terror törətməsi barədə sübutlar var:

Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC

“Hətta bəzi mütəxəssislər deyirlər ki, İran islam inqilabından sonra öz siyasətini qonşu dövlətlərə, həmçinin regiondan uzaqdakı ölkələrdə qəbul etdirmək üçün mütəmadi terror hərəkətlərinə əl atıb.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin illik hesabatlarına görə, İran Yaxın və Orta Şərqdə, Mərkəzi Asiyada mövcud olan terror qruplarına maddi, texniki və digər yardımlar göstərməkdə davam edir. İranın ən böyük hərbi təşkilatı olan İslam İnqilabı Keşikçiləri Korpusu xaricdəki terror qruplarını dəstəkləyən birləşmə hesab olunur”.

Ekspert vurğulayıb ki, Suriya münaqişəsi zamanı Bəşər Əsədi dəstəkləyən terror qrupları, İraqda geniş fəaliyyət göstərən şiə hərbi birləşmələri məhz İranın ciddi yardımı sayəsində ayaqda durur və öz fəaliyyətlərini gündən-günə genişləndirirlər:

“Terror qruplarına etdiyi dəstək sayəsində Suriya və İraq demək olar ki, bütünlüklə İranın xüsusi xidmət orqanlarının nəzarəti altındadır. İran bu ölkələrdə fəaliyyətinin yeni fazasına qədəm qoyub. Xüsusilə, Rusiyanın Suriyada hərbçilərinin sayını azaltması İranın işinə yaradı. İran Suriya və İraqda istifadə etdiyi terror qruplarının sonradan dövlət orqanları ilə birləşməsinə nail ola bilir. Bunu İraq nümunəsində aydın görə bilərik. Vaxtilə hətta İraq dövləti tərəfindən terror qrupu kimi qiymətləndirilən milis qüvvələri indi İraqın polis qüvvələrinin tərkibində fəaliyyətini davam etdirir”.

Ə.İbrahimov qeyd edib ki, İran “Hamas”, “Hizbullah” kimi terror qrupu adlandırılan silahlı birləşmələrlə də ciddi münasibət saxlayaraq onların təchizatında mühüm rol oynayır:

“Bu dövlətin Əl-Qaidə terror qrupu ilə münasibətlərinin olduğu çoxdan sübut olunub. Yəməndəki silahlı birləşmələr də İran tərəfindən dəstəklənir”.

Onun sözlərinə görə, son dövrlər İran-Ermənistan yaxınlaşması bizim bölgədə də Yaxın Şərqdə olduğu kimi müəyyən terror qruplarının fəaliyyəti üçün zəmin hazırlandığını düşünməyə əsas verir:

“Çünki Azərbaycana qarşı terror hərəkətləri törətməkdə Ermənistanın yetərli təcrübəsi var. Ermənistan İranın dəstəyi ilə ölkəmizdə terror törədə bilər. Düzdür, Azərbaycan dövləti, xüsusi xidmət və digər güc strukturları bu riskə sıfıra salırlar. Yenə də diqqətli olmalıyıq. Ona görə də İranın terror qrupları ilə əməkdaşlığı öyrənilməli və qabaqlayıcı addımlar atılmalıdır. Digər ölkələrin İran terroru ilə mübarizə metodlarının tədqiq edilməsi də məqsədəuyğundur.

Azərbaycanda müxtəlif İran meylli qrupların terror hərəkəti törətmək imkanları real olduğu kimi, bizim xüsusi xidmət orqanlarının da onlara qarşı mübarizə imkanları genişdir. Bu vaxta qədər olduğu kimi, bundan sonra da ölkəmizə qarşı nəzərdə tutulan bütün terror hərəkətlərinin qarşısının vaxtında və ustalıqla alınacağına inanırıq”.

Politoloq Əhəd Məmmədli mövzunu Globalinfo.az-a şərh edərkən deyib ki, İran regionda “şiə hilalı” qurub və artıq şiə dünyasını özünün mərkəzinə çevirib.

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

“İran istər Livan, Yəmən, İraq və Suriya kimi region ölkələrdə, istərsə də Azərbaycan kimi qonşu ölkədə öz desantlarını yerləşdirib. Livanda, Suriyada, İraqda “Hizbullah”, “Haşdi Şabi” və digər bu kimi İranın dəstəklədiyi proksi hərbi qruplaşmalar var. İslam adlandırdıqları inqilabdan sonra İraqla müharibəni çıxmaqla, heç bir müharibədə birbaşa iştirak etməyib. Amma proksi hərbi qruplaşmalarına şiə məzhəbi siyasəti adı altında dəstək verib. Məsələn, Əfqanıstanda şiələrin bir hissəsinə dəstək verdiyi kimi, eyni zamanda Suriyada bunu edirdi və s. Azərbaycanda hərbi qruplaşma qurmayıb, amma heç nə olmamış kimi davam etsək, burada da eyni acı təcrübə yaşana bilər. Amma Azərbaycan güclənsə, bunu edə bilməyəcək. Məsələn, İraqda mərkəzi dövlət zəiflədiyi üçün İran ora müdaxilə etdi. Suriyada da tam müdaxilə etməsi üçün şərait yarandı. Azərbaycan güclü olmağa məhkumdur, əks halda qonşularımız tərəfindən bizə ciddi problemlər yaşadıla bilər”.

Ə. Məmmədli qeyd edib ki, ABŞ İranda ən yaxşı halda rejimin dəyişdirilməsinin, İranın zəifləməsinin tərəfdarı ola bilər, İranın parçalanmasının yox:

“Çünki İran həmişə Qərb üçün Türkiyəyə alternativ olaraq dəstəklənən bir dövlət olub. Tarix bunu bizə göstərib. Hazırda Türkiyənin gücləndiyi bir zamanda İranın parçalanması Qərbin qətiyyən maraqlarına cavab vermir. Ona görə də Güney Azərbaycan məsələsində ABŞ əsasən İranın daxilində kürdlərlə və fars sekulyar müxalifətlə təmasdadır. Pəhləvilərin də nümayəndəsi Nyu-Yorkda oturub və o, hakimiyyətə qayıtmaq iddiasındadır. Yəni ABŞ-ın İrandakı əsas tərəfdarları fars və kürd toplumlarıdır, türk toplumu deyil. Bu baxımdan ABŞ-a İran-Azərbaycan qarşıdurmasında çox da bel bağlamaq lazım deyil”.

Politoloq vurğulayıb ki, İran-Azərbaycan qarşıdurmasında Azərbaycanın yeganə söykəndiyi ölkə Türkiyə və Pakistandır. Ə.Məmmədli fikrini belə əsaslandırıb:

“Çünki Pakistanın da İranla qarşılıqlı ciddi sərhədyanı ərazi iddiaları var. Pakistan İran daxilində sünni mücahid dəstələrini dəstəkləyir və Pakistanla sərhəddə ərazi İrandan ayrılmaq istəyir. Bu məsələdə Pakistan İrana qarşıdır və həmişə belə olub, bundan sonra da belə olacaq”.

Ekspertin sözlərinə görə, Cənubi Azərbaycan məsələsində İranda yaşayan azərbaycanlılardan çox şey asılıdır: “Onlar öz müqəddəratlarını həll etmək üçün millət kimi dirçəliblərmi? Ən böyük toplum türklər olsa da siyasi baxımdan ofsaydda qalıb. Oradakı ən böyük milli kimlik olan türk toplumu ilə Azərbaycan və Türkiyə də işləməlidir Onlar İranda özünə ciddi bir plasdarm hazırlamalıdır ki, sabah İranda hansısa bir dəyişiklik olsa kənarda qalmasın, oyunun iştirakçısı olsunlar. Necə ki, avropalılar, amerikalılar kürdlərlə, ərəblərlə, farslarla işləyirlər”.

Gülnar Səlimova
Globalinfo.az