“Prezident Donald Trampın İrana qarşı yenidən başladığı hərbi kampaniya ABŞ administrasiyası daxilində İslam Respublikasına vurulan “sarsıdıcı şillə” kimi qiymətləndirilir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) nəşri administrasiyadakı mənbələrə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, yeni hərbi kampaniyanın nə qədər davam edəcəyi əsasən Tehranın atacağı növbəti addımlardan asılı olacaq.
“Tramp NATO sammitindən ABŞ-a qayıdarkən jurnalistlərə bildirib ki, qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyini bilmir. Bununla belə, o vurğulayıb ki, hadisələr bu istiqamətdə inkişaf edərsə, ABŞ çox qısa müddətdə qələbə qazanacaq.
Tramp hələ də bu qarşıdurmanın başa çatmasını istəyir. Amma İran gəmilərə atəş açarsa, o, sadəcə oturmayacaq, nəsə edəcək”, – deyə nəşrin həmsöhbəti bildirib.
Xatırladaq ki, iyulun 8-də Donald Tramp İranla əldə olunmuş atəşkəs rejiminin artıq qüvvədə olmadığını və Vaşinqtonun Tehranla danışıqları davam etdirmək niyyətində olmadığını açıqlayıb. Onun sözlərinə görə, İranla danışıqların davam etdirilməsi “vaxt itkisi”dir.
Əliyar Xəlil
Globalinfo.az