İran həbsxanalarında qadınlara dəhşətli işgəncələr verilir: Zorlanırlar, döyülürlər, yoxa çıxırlar

 

 

ABŞ-nin CNN televiziyasının jurnalistləri İranda etiraz aksiyalarında həbs edilən və daha sonra seksual zorakılığa məruz qalan iranlı qadınlardan biri ilə danışıb.

Globalinfo.az xəbər verir ki, təhlükəsizlik məqsədi ilə qadını şərti olaraq Xana adlandıran televiziya onun kürd əsilli olduğunu və Urmiya şəhərində polis tərəfindən saxlandığını bildirib. Qadın təcridxanada cəmi 1 sutka keçirməyinə baxmayaraq, məhz buradakı polis idarəsində seksual zorakılıqların şahidi və qurbanı olduğunu söyləyib.

Xananın həbsi ərəfəsində onun anasına Mahabad şəhərinin həbsxana administrasiyasının yüksək vəzifəli əməkdaşı olan tanışı zəng edib. O, qadını etirazlarda iştiraka görə saxlamamaları üçün heç bir halda qızlarını evdən bayıra buraxmamağa inandırmağa çalışıb. Həmçinin ona İran həbsxanalarında qadınlarla çox pis davrandıqlarını deyib. Bütün xəbərdarlıqlara baxmayaraq, Xana digər bir çox qadınlar kimi etirazlara qatılaraq nümayişkaranə şəkildə özünün hicabını yandırıb. Polisdə ona bildiriblər ki, guya bunu etdiyi an müşahidə kameralarına düşüb və nəticədə saxlanması üçün əsas yaranıb. Xananı içlərində 13-14 yaşlı yeniyetmələrin olduğu və polislər tərəfindən amansızlıqla döyülən 30-40 qadının qaldığı bölməyə aparıblar:

“Ən pisi isə qızlarla bağlı idi, çünki onlar seksual zorakılığa məruz qalırdılar” – deyə Xana bildirib.

Onun kamera yoldaşları Xanaya bölmədə məruz qaldıqları zorlamalardan danışıblar. Xana özü isə bir səhnənin şahidi olub. Belə ki, polislər gənc qızı sorğu otağına aparmaq istəyərkən, onun yeniyetmə qardaşı bacısını müdafiə etməyə cəhd göstərib. Polislər həmin oğlanı dəyənəklə döyüblər. Onun bacısının isə bu zaman otaqdan qışqırıq səsləri gəlib. Xana qzın zorlandığına əmin olduğunu bildirib.

Xananın özü də zorakılığa məruz qalıb. Deyib ki, polis onu sorğu üçün otağa qapadaraq, hücum edib və seks qarşılığında azadlıq vədi verib. CNN-nin məqaləsində həmçinin bildirilib ki, intervü zamanı jurnalistlər qızın boynunda polisin hücumundan sonra qalan qançır izini görüblər.

Xananın sözlərinə görə, insanların İran həbsxanaları və təcridxanalarında baş verənlər barədə az məlumatı var, çünki polis qadınları qorxudurlar ki, üzləşdikləri işgəncələr haqda danışmasınlar.

Xananı həbsxanadan atası çıxarıb və o, İrandan qaça bilib. Əmisinin ailəsi ilə birgə bir neçə gün dağ yolları ilə piyada yol qət edib. CNN-nin yazdığına görə, İran sərhədçiləri ölkəni qanunsuz tərk etməyə cəhd göstərənlərə atəş açırlar.

Bütün baş verənlərə baxmayaraq, Xana əmindir ki, onun digərlərindən fərqli olaraq bəxti daha çox gətirib: “Həbs edilənlərin çoxu İranın dərin həbsxana sistemində yoxa çıxırlar”, deyə CNN-ə bildirir.

“Seksual zorakılığa məruz qalan qızlar var idi, onları daha sonra digər şəhərlərə daşıdılar” – Xana vurğulayır.

CNN-ə danışan hüquq müdafiəçiləri isə son illər İranda yüzlərlə insanın xəbərsiz şəkildə itdiyini qeyd ediblər. Yoxa çıxanlardan birinin 20 yaşlı Armita Abbasi olduğu vurğulanıb. Etirazların başlanmasından sonra o, sosial şəbəkələrdə hökumət əleyhinə postlar paylaşıb, amma indiyə qədər onun küçə etirazlarında birbaşa iştirak edib-etmədiyi naməlum olaraq qalır. Bununla belə, polislər qızı saxlayaraq, onu guya etirazlara liderlik etməkdə suçlayıblar. Hakimiyyət təsdiqləyir ki, Abbasinin evində axtarış zamanı polislər 10 Molotov kokteyli tapıb. Oktyabrın 17-də Armita Abbasi düz bağırsağında ağır travma ilə Tehran yaxınlığındakı Kərəc xəstəxanasına çatdırılıb. Qızın başının qırxıldığını vurğulayan həkimlər onun çox qorxduğunu və titrədiyini deyiblər. Xəstəxana personalına Armita ilə danışmaq qadağan edilib, həmçinin həkimlərə onun həbsindən əvvəl zorlandığına şahidlik edəcək sənədin hazırlanması əmri verilib. Onun haqqında məlumatlar çıxdıqda isə polis qızı xəstəxanadan aparıb. Rəsmi məlumatlara görə, o, yerli həbsxanaya köçürülüb, lakın hələlik buna dair heç bir təsdiqedici informasiya yoxdur.

CNN-nin jurnalistləri xəstəxana ilə əlaqə quraraq, baş verənlər haqqında şərh almağa çalışsalar da, onlara Armita Abbasi haqqında heç bir məlumatın qalmadığını bildiriblər.

İlkin

Globalinfo.az