“İranda proses qızışır: Əliyev türk dünyasına mesaj verdi” – ŞƏRH

“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışı qətiyyətli və önəmli idi. Ölkə başçısının çıxışında ən vacib məqamlardan biri onun məhz Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin məktəblərdə öz ana dilində təhsil almaq imkanlarından məhrum edilməsini bildirməsidir. Bundan başqa, Prezident Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb”.

Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Vahid Əhmədov Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışını şərh edərkən deyib.

O bildirib ki, Prezidentin sammitdəki çıxışında Cənubi Azərbaycan məsələsinə yer verməsi son vaxtlar İranın ölkəmizə qarşı atdığı addımlara adekvat cavabdır:

“Ümumiyyətlə, İran 30 il idi ki, Azərbaycan əleyhinə addımlar atır, bu ölkənin rəsmi şəxsləri səviyyəsində çıxışlar edib. Bu gün isə vəziyyət tamam fərqlidir. Hazırda İranın daxilində çox ciddi siyasi proseslər gedir. Əhali mövcud hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edir.

Hesab edirəm, Prezident Səmərqənddəki çıxışı ilə həm də türk dövlətlərini İranla bağlı məlumatlandırdı. Yəni bu gün İranda bizim soydaşlarımız öz ana dillərində təhsil almaq hüququndan, siyasi azadlıqlarından məhrumdur. İlham Əliyevin bu çıxışı təqdirəlayiqdir. Yeri gəlmişkən, onun çıxışını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəstəklədi. Bu, iki ölkənin sözügedən məsələdə ortaq hərəkət etdiyini və bir-birini dəstəklədiyini göstərir”.

Turan Rzayev
Globalinfo.az