İranda gizlənən casusun iki il öncə azadlığa buraxılması ilə bağlı yeni detal

İrana casusluqda adı keçən şəxslərlə bağlı yeni məlumatlar ortaya çıxıb. Onlardan biri də “Kərimə dövləti”nin “ideoloqu” Rufulla Axundzadədir. Onun hazırda İranda gizləndiyi deyilir. Məlumata görə, R.Axundzadə Leyla Yunusun tərtib etdiyi siyasi məhbuslar siyahısında olub və o, 2021-ci ilin mart ayında əfvlə azadlığa çıxıb.

Diqqətçəkən əsas məqam isə İrana casusluq edən belə bir insanın ölkəni necə tərk etməsidir. Aydın məsələdir ki, hazırda həbsdə olan İrana casusluqda ittiham edilən şəxslər var. May ayında ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar gözlənilən əfv sərəncamında bu şəxslərin olma ehtimalı var.

Maraqlıdır, İrana casusluq ittihamı ilə bir neçə il öncə həbs olunan şəxslərdən hazırda içəridə kimlər var? May ayında gözlənilən əfvlə bağlı siyahıya yenidən baxıla bilərmi? Azərbaycan əleyhinə açıq düşmən mövqedə olan şəxslərlə bağlı başqa nə kimi tədbirlər görmək olar?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquq müdafiəçisi Çingiz Qənizadə deyib ki, Rufulla Axundzadənin əfv sərəncamı ilə azadlığa buraxılmasında qeyri-adi heç nə yoxdur:

Çingiz Qənizadə

“Qanun əfv siyahısında olan şəxslərin siyasi və ya dini görüşünə görə həbs edilməsinə təsir göstərmir. Əfvə düşən insanlar ya özlərinin və ya ailə üzvlərinin müraciəti ilə, ya da cəzasının böyük bir qismini çəkməsi nəzərə alınaraq azadlığa buraxılır. Burada şəxsin səhhəti, yaşı və s. faktorlar da nəzərə alınır.

Ümumiyyətlə əfv bir humanizm göstəricisidir. Ölkə başçısı İlham Əliyevin də bu sahədə qəlbi həqiqətən genişdir. Prezident humanizmdən irəli gələrək kimlərisə əfv edir və həmin şəxslər bundan sui-istifadə edirsə bu artıq başqa məsələdir.

O ki qaldı Rufulla Axundzadənin adının Leyla Yunusun tərtib etdiyi siyasi məhbuslar siyahısında olmasına, Leyla Yunus uzun zamandır Avropada yaşayır və onun tərtib etdiyi siyahının bundan artıq olmasını gözləmək əbəs olardı. Onun özü də kifayət qədər mübahisəlidir”.

Ç.Qənizadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar may ayında verilməsi gözlənilən əfv haqqında danışıb:

“Hazırda bu istiqamətdə işlər gedir. Əfv komissiyası siyahıda olacaq insanları müəyyənləşdirir. Lakin hələlik bir siyahının olub-olmaması haqda məlumatım yoxdur. Hesab edirəm indidən nəsə demək də doğru olmaz”.

Turan Rzayev
Globalinfo.az