
ABŞ Prezidenti Donald Trampın İranın ali dini rəhbəri Ayətullah Əli Xameneiyə məktub göndərməsi beynəlxalq siyasi dairələrdə müzakirələrə səbəb olub. Trampın məktubu İran prezidentinə deyil, məhz dini rəhbərə ünvanlaması diqqət çəkib. Ağ Ev hökumətinin bununla qərarların Tehranda deyil, Qumda verilməsini qəbul etdiyini göstərdiyi bildirilir.
ABŞ prezidenti açıqlamasında nüvə məsələsi ilə bağlı İranla razılaşmağa üstünlük verdiyini, buna görə Xameneiyə mətkub ünvanladığını söyləyib. Onun bu addımı həm də hakimiyyətə gəldikdən sonra İranla gərginliyin artacağına dair iddialar fonunda maraqla qarşılanıb.
Vaşinqton Tehranla razılaşma əldə edə bilərmi? Trampın Xameneiyə məktubunun əsas məqsədi nədir?
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Tramp bütün söylənənlərə baxmayaraq ABŞ-ın hegemon dövlət siyasətini davam etdirməkdədir:
“Buna görə də demək olar ki, dünyanın bütün nöqtələrində gedən proseslərə fəal reaksiya göstərir və onun inkişaf dinamikasını nəzarətdə saxlayır. İranın ali dini liderinə məktub göndərməklə gələcəkdə bu ölkənin nüvə silahı əldə edərək dünyada güc mərkəzlərindən birinə çevrilməsinin qarşısını almağa çalışır. Bunun üçün də Tehranda söz sahibi olan şəxsi doğru seçib. Çünki İranda prezident strateji məsələlərin həllində söz sahibi deyil, o, müəyyən edilmiş sərhədlər çərçivəsində icra işlərini yerinə yetirir. Dövlətin taleyi ilə barədə qərarları isə ali dini lider qəbul edir.
Tramp son gedişləri ilə göstərir ki, proseslər üzərində uzun müddət diplomatik nəzakət xatirinə oynamaq istəmir. ABŞ-ın yeni siyasi münasibətlər sistemini formalaşdırmasında zaman itkisinə yol verməsi onun məğlubiyyəti ilə nəticələnə bilər. Bu səbəbdən həm siyasilər, həm də ictimaiyyət Ağ Ev rəhbərinin birbaşa hədəfə yönələn addımlarını həzm edə bilmir”.
Mütəllim Rəhimli
Ekspert bildirib ki, Tramp Rusiya-Ukrayna müharibəsindən sonra növbəti aktual məsələnin İranın nüvə proqramı olacağını açıqlayıb:
“Məktubda çox güman ki, bu sahədəki şərtlərini indidən qeyd edib. Media üçün açıqlamasında “razılaşma” dedikdə çox güman, həmin şərtlərin İran tərəfindən qəbul edilməsini nəzərdə tutur. Tehranın hazırda Vaşinqtona qarşı ciddi müqavimət göstərmək imkanları məhduddur. Böyük ehtimal Ukrayna məsələsində ABŞ-Rusiya razılaşması sonuncunun İrana dəstəyinin kəsilməsi ilə də nəticələnəcək. Bu da Tehranın manevr imkanları məhdudlaşdırır. Yeganə çıxış yolu İranın tezliklə Çinlə danışıqlar apararaq etibarlı dəstək əldə etməsidir. Əgər İran-Çin razılaşması baş tutmasa, biz, Tehranın çox tezliklə Ağ Evlə danışıqlara başlayacağını müşahidə edəcəyik”.
Turan Rzayev
Globalinfo.az