İran ətrafındakı mövcud vəziyyət bölgədə alternativ təhlükəsizlik və nəqliyyat konfiqurasiyalarını aktuallaşdırır. Bu fonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivi və Zəngəzur dəhlizinin açılması məsələsi yenidən gündəmə gəlir.
Analitiklərin fikrincə, İranla bağlı gərginlik region ölkələrini daha praqmatik davranmağa, kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində qərarları sürətləndirməyə vadar edə bilər.
Yaxın Şərqdəki hərbi vəziyyət Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə, o cümlədən TRIPP layihəsi (Zəngəzur dəhlizi-red.) ilə bağlı vəziyyətə necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib ki, beynəlxalq münasibətlər sistemində proseslər bir-biri ilə zəncirvari şəkildə bağlıdır:
“Bir regionda baş verən hadisələr digər regionlara da təsir göstərir. Bu gün ABŞ-İsrail birliyi ilə İran arasında davam edən müharibə, şübhəsiz ki, Cənubi Qafqaz üçün də müəyyən çağırışlar və perspektivlər yaradır. Müharibə nə qədər genişmiqyaslı və uzunmüddətli olarsa, onun təsiri bir o qədər geniş coğrafiyada hiss ediləcək.

Zaur Məmmədov
Azərbaycan cəmiyyəti olaraq biz heç vaxt haradasa müharibənin olmasını istəməmişik. Bütün ziddiyyətlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olmuşuq. Eyni zamanda məlumdur ki, Azərbaycan müharibədə qalib gəlsə də, dünyaya sülh təşəbbüsü nümunəsi göstərdi. Bakının qələbə qazanmasına baxmayaraq, lazımi nöqtədə dayanaraq sülh gündəliyini irəli sürməsi nümunəvi davranış idi.
Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən hədəflər var. Bu məsələlərin həlli isə İrandakı müharibədən deyil, birbaşa Ermənistan rəhbərliyinin siyasi qərarından asılıdır. Seçkilərdən sonra baş nazir Nikol Paşinyanın atacağı addımlar və parlamentdə əldə ediləcək say üstünlüyü bir çox məsələlərin taleyini müəyyənləşdirəcək”.
Turan Rzayev
Globalinfo.az