İran prezidentini Türkiyəyə aparan səbəblər: Azərbaycana dair kritik razılaşma var?

“İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri çoxdan planlaşdırılırdı. Bu, 2024-cü ildə hər iki liderin ilk yüksək səviyyəli görüşü olacaq. Səfər çərçivəsində müxtəlif sahələrdə sazişlərin imzalanması gözlənilir. Bu səfər həm də dövlət başçılarının ikitərəfli və regional məsələləri müzakirə etmələri üçün yaxşı fürsət olacaq”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərini şərh edərkən deyib.

Kənan Novruzov

Onun sözlərinə görə, liderlər nəinki Yaxın Şərqi, eləcə də Cənubi Qafqazı və Şərqi Avropanı müzakirə edəcəklər:

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması məsələsi də, çox güman, masada olacaq. Məlum olduğu kimi, bu il fevralın 7- də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. İlham Əliyev əsas favoritdir. İlham Əliyevin uğurlu xarici siyasət kursu regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçılarının fevralın 7-dən sonrakı regional perspektivlər haqqında da fikir mübadiləsi aparmaları mümkündür.
İran hər nə qədər Türkiyəni İsrail-HƏMAS müharibəsinə cəlb etməyə çalışsa da bunu bacarmayacaq. Ankaranın Yaxın Şərqdəki mövqeyi aydındır, qətiyyətlidir. Amma Ankara soyuqqanlı davranacaq. Türkiyənin davranışlarında İranın xeyrinə ehtimal olunan cüzi dəyişiklər isə yalnız siyasi alış-veriş konteksində mümkündür. Yəni ya Tehran da hansısa formada Ankaranın maraqlarını təmin etməlidir. Bu, məsələn, Zəngəzur dəhlizi ilə bağlı və ya Ermənistana təzyiqlər fonunda da ola bilər. Hər halda unutmayaq ki, müasir siyasi proseslərə regional yox, qlobal miqyasda yanaşmaq lazımdır. Dünyanın bir yerində baş verən proseslər digər yerində cərəyan edən hadisələrlə sıx bağlıdır. Bu isə dövlətlərin geosiyasi maraqlanın təzahürüdür.

Onu da deyim səfər ərəfəsində İranda baş verən partlayış və Ərdoğanın həmkarına başsağlığı diqqət çəkir. Proseslər hər nə qədər gərginləşsə də, Türkiyə hələ müharibəyə qoşulmağa tələsməyəcək. Bu, ABŞ-la münasibətlərin tamamilə pisləşməsinə və F-16 qırıcılarının tədarükü məsələsinə təsir edə bilər”.

Turan Rzayev
Globalinfo.az