“İranın İsrailə raketlərlə hücum etməsi apreldə atdığı addımın davamı idi”.
Bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, rəsmi Tehran bu əməliyyatlarla öz obrazını qorumağa çalışır:
“İran atdığı raketlərin çoxunun havada vurulacağını bilirdi. Onun hər gün bəyan etdiyi “İsrailə sarsıdıcı zərbə” təhdidi öz ərazisindən raketlər atmaq oldu. Halbuki Suriyadan Qolan təpələri istiqamətində İsrail ordusuna qarşı quru hücum əməliyyatları həyata keçirə bilərdi. Amma Tehran rejimi İsraillə birbaşa qarşıdurmadan çəkinir və bilir ki, ölkənin ali rəhbərliyi hədəf alına bilər”.
Məhəmməd Əsədullazadə
Politoloq qeyd edib ki, Tehranla Qərb arasında münasibətlərin normallaşmasının qarşısı alınır:
“İran hakimiyyətindəki mühafizəkar qanad islahatçı administrasiyanın Qərblə əlaqələri inkişaf etdirməsini istəmir. Hər vəchlə bu əlaqələri sabotaj edirlər. SEPAH-ın İsrailə atılan raketləri Prezident M.Pezeşkianı ciddi sınaqlarla üzləşdirib. ABŞ da İranın müharibəyə qoşulmasında maraqlı deyil.
İranın raket hücumu İsrailin “Hizbullah”a qarşı əməliyyatlarına təsir etməyəcək. Daxili və xarici təzyiqlər Tehranın siyasətində ciddi dönüş etməsinin qarşısını alır”.
Turan Rzayev
Globalinfo.az