İran iki supergücü bir araya gətirir – Tarixi görüşün pərdəarxası

Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Szinpinlə ABŞ Prezidenti Co Bayden arasında San-Fransiskoda görüş keçiriləcək. Görüş zamanı İranın nüvə proqramı və onun yaratdığı təhdidlər barədə də müzakirələrin aparılması gözlənilir. İsrail-HƏMAS qarşıdurması fonunda ABŞ və Çinin İrana təsirinin əhəmiyyətinin olub-olmayacağı isə sual doğurur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, San-Fransiskoda keçirilməsi planlaşdırılan görüş dünyadakı proseslərə öz təsirini göstərəcək:

“Bunlar dünyanı iqtisadi və hərbi cəhətdən iki ən güclü dövlətidir. Onların arasındakı münasibət də beynəlxalq siyasi vəziyyətə əhəmiyyətli dərəcədə təsir edəcək amillərdən hesab edilir.

Oqtay Qasımov

Bu görüşdə dünyadakı bir çox qlobal məsələlər, ikitərəfli münasibətlər, Çin və ABŞ arasında mübahisə mövzusu olan Tayvan, eləcə də İsrail-HƏMAS, Rusiya-Ukrayna, o cümlədən İranın nüvə proqramı da müzakirə predimentidir”.

Politoloqun fikrincə, iki tərəfin razılığa gəlməsi fonunda İranın fərqli mövqe sərgiləməsi real görünmür:

“Rəsmi Tehranla ABŞ sözdə düşmən olduqlarını bəyan etsələr də, İranla Çinin kifayət qədər ciddi əlaqələri var. Pekinin Tehran üzərindəki təsirləri danılmazdır. Heç təsadüfi deyil ki, Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında danışıqlar başlandı və 7 ildən bəri səfirlikləri fəaliyyət göstərməyən tərəflər bir masa arxasında oturaraq bəzi məsələləri həll edə bildilər. O cümlədən diplomatik əlaqələrin bərpası da qərarlaşdırıldı.

İranın nüvə proqramı bəşəriyyət və qonşuları üçün təhdid mənbəyi olaraq qalır. Ona görə də həmin proqramın dayandırılması region dövlətləri üçün də müsbət hadisə ola bilər”.

Politoloq Məhəmməd Əsədullazadə də vurğulayıb ki, ABŞ və Çin arasında münasibətlər böhran vəziyyətindədir:

Məhəmməd Əsədullazadə

“Yeni geosiyasi maraqlar var və iki qütb arasında müəyyən danışıqlar getməlidir. Çünki Tayvan məsələsinə görə vəziyyət elə gərginləşib ki, tərəflərin Üçüncü Dünya müharibəsinə başlaması da planlaşdırılır. Çinin Tayvana hücumu və Yaxın Şərqdə baş verən proseslər artıq beynəlxalq təhdidə gətirib.

Çinin İrana təsiri böyükdür, çünki oraya sərmayə yatırır. Görünür, ABŞ-ın Pekin vasitəsilə Tehranın Yaxın Şərqdə proksi qüvvələrə maliyyə və hərbi yardımını dayandırması istiqamətində də danışıqları baş tutacaq”.

Politoloq hesab edir ki, İranın Yaxın Şərqdə ABŞ-ın geosiyasi maraqlarına təhdid yaratması Çinin maraqlarına uyğundur:

“Rəsmi Tehranın nüvə proqramı məsələsinə də tərəflər xüsusi diqqət ayırır. Çin öz geosiyasi maraqlarını ABŞ-la uzlaşdıracaq. Amma Amerikaya bu istiqamətdə güzəştə gedəcəyini də düşünmürəm”.

Safura Bənnayeva
Globalinfo.az