İranın Bakıya ünvanlanan videoları: “qırmızı” mesajının mənası nədir?

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona yaxın Teleqram kanalları mütəmadi video yayaraq, Azərbaycanı təhdid edir. Xüsusən bir videoda Ermənistan-İran sərhədinin qırmızı xətlə işarələnməsi müzakirələrə səbəb olub. SEPAH bununla bir daha rəsmi Bakıya mesaj verərək ehtimal antiterror və ya Ermənistanı sülhəməcburetmə əməliyyatı zamanı İrəvana dəstək verəcəyini bildirir.

Maraqlıdır, indiki məqamda bu mümkündürmü? İranla Ermənistan arasında heç bir hərbi müttəfiqlik və ya qarşılıqlı yardımlaşmaya dair saziş olmamasına rəğmən Tehran İrəvana hərbi yardım edə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İranın Ermənistana bu və ya başqa formada hərbi yardım etməsi mümkündür:

“Prinsip etibarilə 2020-ci ildə 44 günlük müharibə zamanı İran silahlı qüvvələri Qarabağda torpaqlarımızın işğaldan azad edilməsinə mane olmağa çalışdı. Özü də bu maneə real döyüş şəraitində baş tutdu.

Döyüşlərdə iştirak edən hərbçilər də qeyd edirlər ki, İran hərbçilərinin bu addımı ordumuzun irəliləyişini üç gün gecikdirdi. Hətta bu addım itkilərimizin sayının çox olmasına da səbəb oldu.

Nəticə etibarilə İran hər zaman Ermənistanı dəstəkləyib və bundan sonra da belə olacaq. SEPAH-ın məlum videodakı qırmızı xətt xəbərdarlığı da birmənalı şəkildə bizə ünvanlanıb. Son günlər həm İran, həm də Ermənistan mətbuatında Azərbaycanın hücuma hazırlaşması ilə bağlı məlumatlar ardıcıl şəkildə tirajlanır.

Lakin reallıq budur ki, Ermənistan sülh prosesindən yayınır. Buna görə də Azərbaycan ən qısa zamanda lazımi addımları atmalıdır”.

Politoloq hesab edir ki, SEPAH-ın yaydığı sonuncu video həm də Azərbaycanın İran agentura şəbəkəsinə qarşı apardığı ardıcıl əməliyyatlara reaksiyadır:

“Rəsmi Bakı faktiki olaraq İran agentura şəbəkəsinə qarşı ciddi mübarizə aparır. Bu isə öz növbəsində Tehranı narahat edir. Bu narahtlıq SEPAH-ın sonuncu paylaşdığı videodan da aydın şəkildə bəlli olur”.

Turan Rzayev
Globalinfo.az