İqtisadçı deputat Mərkəzi Bankın bu addımını şərh etdi: Vacib detallar

“Mərkəzi Bank uçot dərəcəsinin dəyişməz qalması barədə qərar qəbul edib. Bankda bunu yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul olunduğunu bildiriblər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, inflyasiya səviyyəsi hələ də hədəflənən həddən yüksəkdir:

“İyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınması istehlak tələbinin tənzimlənməsindən daha çox mövsümi faktorlar ilə bağlıdır. Aydındır ki, bu faktorlar xüsusən sentyabrdan başlayaraq minimumlaşacaq. İdxal inflyasiyasının təsirləri azalsa da yenə də strukturda payı yüksək olaraq qalmaqdadır. Bu baxımdan illik inflyasiyanın iyunda 10.6% təşkil etməsi nə arxayınçılıq üçün əsas olmalı, nə də tendensiyanın növbəti aylarda da eyni davam edəcəyi anlamına gəlməməlidir. Bu isə o deməkdir ki, hədəflənən inflyasiyanın əldə edilməsi hələlik zaman tələb edəcək.

Vüqar Bayramov

Uçot dərəcəsinin kredit faizlərinə təsirlərinə gəldikdə isə etiraf etmək lazımdır ki, hələlik bu alətin borc bazarlarına təsirləri minimumdur. Faiz dəhlizinin yuxarı və aşağı hədlərinin dəyişdirilməməsi də ondan xəbər verir ki, mövcud kredit faizlərində ciddi dəyişiklik gözlənilmir. Bu baxımdan da, Mərkəzi Bankın kredit bazarına təsir edəcək digər alətlərindən daha fəal istifadəsinə ehtiyac var”.

Turan Rzayev
Globalinfo.az