Belqorodda partlayan təyyarədə əsir olmayıb? – Hərbi ekspertdən ŞOK İDDİA

“Rusiyada baş verən təyyarə qəzasının görüntülərini izlədim və ilk dəqiqələrdən təyyarənin hər hansı bir raketlə vurulmasını istisna etmirəm”.

Bu sözləri Globalinfo.az-a hərbi ekspert Ədalət Verdiyev Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin partlaması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi əvvəl bunu sadəcə bir qəza kimi qələmə verərək təyyarədə 65 nəfər ukraynalı hərbi əsirin olduğunu bildirsə də, Ukrayna bunun tam əksini iddia edib:

“Ukrayna tərəfi heç bir əsir mübadiləsinin nəzərdə tutulmadığını, Rusiyanın feyk məlumat yaydığını bildirir. Hər bir halda, İl-76 təyyarəsi qəzaya uğrayıb. Onsuz da Rusiyada bu təyyarələrin sayı kifayət qədər məhdud idi. Bildiyimiz kimi, həmin təyyarələrin mühərrikləri Ukraynadan gəlirdi və Rusiya yerli mühərriklər hazırlaya bilmədiyi üçün o təyyarələrin bir çoxu havaya qalxmırdı. Rusiya ərazilərinin böyük olduğunu nəzərə alsaq, bu partlayış rus qoşunlarının daşınmasına mənfi təsir göstərmiş olacaq. Onsuz da Rusiya operativ daşınmalar məsələsində axsayırdı, bu axsaqlıq bir qədər də artacaq. Təyyarə itkisi sıradan bir hadisə deyil. Özü də partlayış əhalinin kifayət qədər sıx yaşadığı Belqorod şəhərinin tam yaxınlığında baş verib. Detallar yaxın saatlarda, ən geci isə səhər məlum olacaq”.

Ədalət Verdiyev

Ə.Verdiyev deyib ki, təyyarədə doğrudan da 65 ukraynalı əsirin olduğu öz təsdiqini taparsa, o zaman çoxlu suallar yaranmış olacaq:

“Maraqlıdır ki, dəyişdirilmə yox idisə, bu əsirlər hara daşınırdı? Hər halda, baş verən hadisə Rusiya üçün xoşagəlməz bir haldır. Bundan başqa, 65 ukraynalı əsirin 3 nəfərlə müşayiət olunması məntiqli görünmür. Daha əvvəllər Rusiyanın hərbi əsirləri dəyişməsi üçün onları təyyarə ilə daşıması faktına da rast gəlməmişik. Həm də təyyarənin düşdüyü ərazidə heç insan qalıqları da yoxdur”.

Hərbi ekspert təyyarənin vurulma məsələsində diqqətin Ukrayna tərəfə yönəldiyini bildirib:

“Rusiyanın şəxsi təyyarəsini elə öz ərazisində vurması bir qədər məntiqə sığmır. Ona görə ki, indiyə qədər Rusiyadan belə addım görməmişik. Bu səbəbdən də diqqət Ukrayna üzərinə fokuslanır”.

Zaira Akifqızı
Globalinfo.az