mran

Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan təcili tibbi yardım göstərilməsi üçün müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İmran xan özünün və həyat yoldaşının səhhətinin getdikcə pisləşdiyini bildirib.

“74 yaşım var. Bu amansız vəziyyət məni elə bir həddə çatdırır ki, buradan sağ çıxmaya bilərəm”, – deyə o, dərc olunan məktubunda yazıb.

İslamabad rəsmiləri isə Xanın hər həftə həkim müayinəsindən keçdiyini və onun səhhətinin “qənaətbəxş” qiymətləndirildiyini bildirirlər.

BBC qeyd edib ki, 100-dən çox ittihamla üzləşən İmran Xan 2023-cü ilin avqustundan həbsdədir. Həyat yoldaşı Buşra Bibi də ötən il onunla birlikdə həbs olunub. Xan korrupsiya və dövlət hədiyyələrinin satılması da daxil olmaqla, onlara qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu iddia edir.

“Son bir ildə İmran Xanın səhhəti ilə bağlı narahatlıqlar artıb. Ailə üzvləri həbsxana rəhbərliyinin vaxtında tədbir görməməsi səbəbindən onun sağ gözünün görmə qabiliyyətinin böyük hissəsini itirdiyini bildirirlər. Xan məktubunda həkimlərin ona beyin qanaması və ürək dayanması riskinin yüksək olduğunu söylədiyini, ürəyinin artıq zədələndiyini qeyd edib. O, həyat yoldaşı Buşra Bibinin səhhətindən də narahatlığını ifadə edib”, – nəşr yazıb.

Xanın sözlərinə görə, həyat yoldaşında aprel ayında tor qişanın qopması baş verib və o, gizli şəkildə əməliyyat olunub. Keçmiş baş nazir əlavə əməliyyat aparılmasa, Buşranın görmə qabiliyyətini itirə biləcəyindən ehtiyat etdiyini bildirib.

“Mən saysız-hesabsız məhkəmə işlərində qeyri-mümkün görünən hüquqi mübarizə aparmışam və dayanmaq fikrim yoxdur. Lakin sistem mənə ədalət verməyi dayandırıb”, – deyə o yazıb.

“Xan gündə 22 saata qədər təcridxanada tək saxlanıldığını, ailə üzvləri ilə görüşə, kitab oxumağa və televizora baxmağa icazə verilmədiyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət psixoloji sağlamlığına ciddi təsir göstərib. O, son bir il ərzində vəkilləri ilə cəmi dörd dəfə görüşə bildiyini də iddia edib. “Günahsızlığımı sübut etmək imkanım yalnız sağ qaldığım müddətdə olacaq”, – deyə Xan məktubunda vurğulayıb.

Pakistanın parlament məsələləri üzrə naziri Tariq Fazal Çaudri isə bu iddiaları təkzib edərək Xanın həbsxanada seçdiyi yeməklər də daxil olmaqla, bütün şəraitlə təmin olunduğunu bildirib. “Hazırda o, Pakistanda ən yaxşı şəraitdə saxlanılan məhbusdur”, – deyə nazir jurnalistlərə açıqlamasında qeyd edib. Rəsmilər həmçinin bildirirlər ki, Xan bir həftə əvvəl gözünə inyeksiya olunması üçün dövlət xəstəxanasına aparılıb və həkimlər onun vəziyyətini “klinik baxımdan stabil” qiymətləndiriblər”, – BBC əlavə edib.

Xatırladaq ki, Pakistan milli kriket komandasının sabiq kapitanı olan İmran Xan 2018–2022-ci illərdə ölkənin baş naziri vəzifəsində çalışıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: