İmişlinin axundu danışdı: “Qaçmamışam”

“Mən heç yerə qaçmamışam. Bayram namazını İmişli rayonunda qılmışam”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında İmişli rayonunun axundu Hacı Adıgözəl onun rayondan qaçması və bayram namazı qılmaması xəbərinə aydınlıq gətirən zaman deyib.

O bildirib ki, haqqında deyilənlər həqiqətə uyğun deyil:

“Bu gün rayonun rəhbəri də mənimlə birlikdə bayram namazında iştirak edib. Dini Komitənin nümayəndələri də burda olub. Bütün bunlar kamera vasitəsi ilə qeydə alınıb. Mənim qaçmağım barəsində yazılanlar əsassızdır. Polisdən də zəng eləmişdilər. Soruşdular nə məsələdi? Səhərdən burdayam, heç evimə də getməmişəm. 30 ildir İmişlinin axunduyam. Özüm internatda böyümüşəm. Qarabağ qazisiyəm. Hər kəs məni yaxşı tanıyır. Azərbaycanın müstəqilliyi uğrunda bizim də özümüzə görə xidmətimiz var”.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə məlumat yayılmışdı ki, İmişlinin axundu Hacı Adıgözəl bayram namazının sabah qılınacağı ilə bağlı məlumat verib. Bundan sonra rayonda çaşqınlığın yarandığı deyilir. Məlumata görə, rayon inanclılarının bir qısmi orucunu açsa da, digərləri oruc tutmağa davam edib. Qarışıqlığı görən axundun rayonu tərk etdiyi barədə də məlumatlar yayılıb.

Globalinfo.az-ın əməkdaşı bayram namazı törəninin foto və video görüntülərini istəyib. Bildirilib ki, tədbirdə çəkiliş olmayıb. Məscidə quraşdırılan təhlükəsizlik kameralarının görüntülərinin isə çıxarılmasının çətin iş olduğu deyilib.

Zaira Akifqızı
Globalinfo.az