İlin sonuna barış olmasa, savaş başlayacaq – yaxın 1 ayın həyəcanlı proqnozu

2022-ci ilin bitməsinə bir ay qalır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ölkəmizin səyləri Ermənistan tərəfindən faktiki olaraq bloklanır. Misal üçün, rəsmi İrəvanın dekabrın 6-da nəzərdə tutulan Brüssel görüşündə Fransanın da iştirak etməsini tələb etməsi Bakının görüşdən imtina etməsi ilə nəticələndi. 

Sülh müqaviləsi istiqamətində danışıqların dalana dirənməsi rəsmi Bakının hərbi əməliyyatlara başlaması ilə nəticələnə bilər.

Maraqlıdır, müharibə yenidən başlasa Azərbaycan Ordusu hara qədər irəliləyə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Fikrət Sadıqov deyib ki, ilin yekunlaşmasına bir ay qalıb. O bildirib ki, 1 ay müddətində sülhün əldə edilməsinə dair ciddi bir sənəd imzalanacağını düşünmür:

“Hazırda sülhün əldə edilməsinə dair danışıqlar davam etdirilir. Tərəflər arasında vaxtaşırı görüşlər təşkil edilir, baş nazirlərin müavinləri səviyyəsində ikili görüşlər keçirilir, dövlət başçıları səviyyəsində isə müxtəlif sferalarda danışıqlar aparılır. Bütün bunlar məsələnin görünən tərəfidir.

Reallıq isə odur ki, erməni tərəfi sülh sazişini imzalamaq istəmir. Rəsmi Bakının müxtəlif sülh təşəbbüsləri Ermənistan tərəfindən ya qəbul edilmir, ya da əlavə təkliflər ilə rəsmi Bakının qəbul etməyəcəyi hala gətirilməyə çalışılır. Qarabağda yaşayan ermənilərə statusun verilməsi buna misal ola bilər”.

Politoloqun sözlərinə görə, Ermənistan keçmiş vəziyyətə qayıtmaq istəyir:

“Ermənistanın bu mövqeyini nəzərə alsaq, sülh sazişinin imzalanması real görünmür. Hazırda Ermənistan süni şəkildə əngəllər törədir, problemlər yaradır. Məsələ ondadır ki, Ermənistan hakimiyyəti başa düşür ki, onlar Azərbaycanın təklifini qəbul etsələr, hakimiyyətdən getməli olacaqlar, ancaq istənilən halda sülh sənədi gec-tez imzalanmalıdır.

Prinsip etibarilə, Ermənistanın qeyri-konstruktiv davranışlarında ona dəstək verən xarici havadarlarının da payı var. Misal üçün, Fransa hər vəchlə İrəvana dəstək verir, Azərbaycan əleyhinə addımlar atır. Rusiya da bənzər formada Ermənistanı dəstəkləyir. Rusiya sülhməramlıları səlahiyyətlərinə uyğun olmayaraq Qarabağda ermənilər üçün binalar tikir, humanitar yardımlar edir. Sülhməramlılar faktiki olaraq özlərini təşkilat kimi aparır”.

F.Sadıqov qeyd edib ki, erməni təxribatları davam edəcəyi təqdirdə rəsmi Bakı da hərbi əməliyyatlara yenidən başlaya bilər:

“İndiki məqamda sülh müqaviləsinin imzalanması əslində bizi bir o qədər də narahat etmir. Əsas məsələ Ermənistan tərəfinin atəşkəsi pozub, təxribatlar törətməsidir. Bu proses davam etsə, hərbi potensialımız işə düşə bilər. Biz bunu dəfələrlə açıq şəkildə bəyan etmişik”.

Turan Rzayev
Globalinfo.az