Qarabağdakı sülhməramlılar üçün yeni formul – “Qalırlar, lakin belə…”

2020-ci il 10 Noyabr bəyanatı ilə Qarabağa 5 il müddətinə yerləşdirilən Rusiya sülhməramlılarının mandatının bitməsinə təxminən 2 il qalıb. Bununla yanaşı, bir müddət öncə Ermənistanda Azərbaycanla şərti sərhədə gətirilən Avropa İttifaqı (Aİ) missiyasının tərkibinə Fransa jandarmalarının və digər ölkələrin nümayəndələrinin cəlb edilməsi müzakirələrə səbəb olub.

Maraqlıdır, birmənalı qarşılanmayan Aİ missiyası və taleyi sual altında olan rus sülhməramlılar ilə bağlı son durum necədir?

Mövzu barədə Globalinfo.az-a danışan politoloq Anar Əliyev deyib ki, şərti dövlət sərhədindəki Aİ missiyasının yerləşdirilməsi monitorinq aparmaq məqsədi daşıyırdı:

“Mülki missiyanın fəaliyyəti başa çatdıqdan sonra Azərbaycanın razılığı olmadan mandatı uzadıldı. Əslində, Aİ “missiya” adı altında Ermənistanda güclənməyə çalışır. Burada hədəf Qərbin bölgədə maraqlarının təmin edilməsidir. Yəni bu, müşahidədən çox, öz istəklərini diktə etmək, öz siyasətini yeritmək arzusudur”.

A.Əliyev xatırladır ki, Rusiya sülhməramlıları 2025-ci ilə qədər fəaliyyətini davam etdirəcək:

“İndiki şəraitdə sülhməramlıların torpaqlarımızda qalması ölkə maraqlarına uyğundur. Çünki Qarabağı tərk edən ermənilərin geriqayıdışla bağlı tələbləri aradan qalxmayıb. Ermənistan təhlükəsizliyin və birgəyaşayışın təmin edilməsi üçün mexanizm yaradılmasını istəyir. Bu mexanizmi yaratmaq üçün sülhməramlıların mandatını uzatmamaq şərti ilə ərazilərimizdə qalması mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az