İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi – YENİLƏNİB

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə yeni təyin olunmuş apostol nunsisi arxiyepiskop Marek Solçinskinin etimadnaməsini qəbul edib.

Globalinfo.az bildirir ki, Müqəddəs Taxt-Tacın apostol nunsisi etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu dedi. Marek Solçinski bildirdi ki, Roma Papası Fransisk Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya onun salamlarını çatdırmağı xahiş edib. O dedi ki, Roma Papası dövlətimizin başçısına xalqa şərəflə rəhbərlik missiyasının uğur qazanması üçün dualar edir.

Sonra Marek Solçinski etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Apostol nunsi ilə söhbət edən Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Azərbaycanda və Vatikanda Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayaraq, onun ölkəmizə səmimi münasibətini həmişə hiss etdiyimizi vurğuladı. Dövlətimizin başçısı Roma Papasının Azərbaycana rəsmi səfərini tarixi səfər kimi qiymətləndirərək, bunun ikitərəfli münasibətlərimizi, eyni zamanda, bizim tərəfdaşlıq ruhunun, multikulturalizm, sülh və tolerantlıq dəyərlərinin təşviqinin zəruriliyini nümayiş etdirdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını deyərək, bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu bildirdi və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək, Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu dedi.

Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirdi.

Bakıda yenidən olmasından çox xoş təəssürat hissi keçirdiyini deyən Marek Solçinski Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə etdi.

***15:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edib.

Globalinfo.az bildirir ki, səfir Ali Salem Naser etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyev vurğuladı ki, həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmiz həmişə Liviyanın dəstəyini görüb. Bu dəstəyin, eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də olduğunu deyən dövlətimizin başçısı buna görə Liviya tərəfinə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev bu yaxınlarda Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladaraq, bu tədbirdə çıxışında ərəb dövlətləri ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə danışdığını vurğuladı. Prezident İlham Əliyev dedi ki, Azərbaycanın bu Zirvə toplantısına fəxri qonaq qismində dəvət olunması ərəb dünyasının ölkəmizə münasibətini bir daha nümayiş etdirdi.

Azərbaycan Prezidenti dostluq əlaqələri nəzərə alınmaqla ikitərəfli münasibətlərimizin, xüsusilə də iqtisadiyyat, ticarət və energetika sahələrində əməkdaşlığımızın fəallaşdırılmasının zəruriliyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Məhəmməd Yunis əl-Mənfiyə çatdırmağı xahiş etdi.

Ali Salem Naser səfir kimi fəaliyyəti dövründə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi. Səfir dövlətlərimizin və xalqlarımızın maraqları naminə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı.

X X X

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.

Globalinfo.az bildirir ki, etimadnaməsini dövlətimizin başçısına təqdim edən səfir Aleksandr Esaulenko Azərbaycan dilində deyib:

-Hörmətli cənab Prezident, icazə verin Sizi, burada olanların hamısını və bütün Azərbaycan xalqını Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə şəxsən Azərbaycan dilində təbrik edim.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu vurğuladı və konkret sahələr üzrə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Siyasi sahədə yaxşı qarşılıqlı fəaliyyətin olduğunu qeyd edən dövlətimizin başçısı yüksək səviyyədə təmasların əhəmiyyətini və ticarət mübadiləsinin artırılmasının vacibliyini vurğuladı, nəqliyyat, energetika, investisiya qoyuluşu sahələrində əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu dedi.

Beynəlxalq səviyyədə ölkələrimizin qarşılıqlı dəstəyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın və Moldovanın ikitərəfli formatda da həmrəylik nümayiş etdiriklərini vurğuladı.

Dövlətimizin başçısı səfir Aleksandr Esaulenkonun fəaliyyəti dövründə əlaqələrimizin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Aleksandr Esaulenko Moldova Prezidenti Maya Sandunun dövlətimizin başçısına salamlarını və Azərbaycan xalqına ən xoş arzularını çatdırdı. Qeyd etdi ki, Moldova Respublikasının rəhbərliyi Moldova-Azərbaycan dövlətlərarası münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsinə çox böyük diqqətlə yanaşır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Moldovanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Səfir əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı təmasların rolunu vurğuladı. Bu xüsusda, Moldovanın Baş naziri, parlament sədri və digər rəsmi şəxslərinin ölkəmizə səfərlərinin əhəmiyyətinə toxundu. Aleksandr Esaulenko vurğuladı ki, Moldova siyasi, iqtisadi və digər sahələrdə Azərbaycanla əlaqələrin bundan sonra da genişləndirilməsində maraqlıdır.

***13:25

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vatikanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marek Solçinskinin etimadnaməsini qəbul edib.

Globalinfo.az bildirir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

***13:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edib.

Globalinfo.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.

Globalinfo.az bildirir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.