“İlham Əliyev məğlubiyyət tarixini Zəfər tarixinə çevirdi” – Əvəz Qocayev

“Zəfər Gününün 3-cü ili ərəfəsində Azərbaycan daha bir zəfər qazandı. 2023-cü ilin 20 sentyabrından sonra ölkəmiz suverenliyini tam bərpa etdi. İşğal faktına son qoyuldu. Noyabrın 8-də Xankəndi şəhərində Zəfər Paradı keçiriləcək. Bununla da İlham Əliyev böyük bir tarixi dövrə yekun vurdu. İndi qarşıda bizi yeni mərhələ gözləyir”. 

Globalinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini, Birinci Qarabağ müharibəsi veteranı Əvəz Qocayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərli ilə Qarabağı və digər işğaldakı əraziləri azad edib:

“Oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdərədə, Sərsəngdə, Xocavənddə, Xocalıda və Xankəndidə bayrağımızı ucaltdı. Xankəndidə xalqa müraciət etdi. Cənab Prezident separatizmin yuvasına çevrilmiş bu tarixi şəhərimizi azad etdi, inanırıq oranı daha da abadlaşdıracaq. Həmin çıxışında cənab İlham Əliyev Azərbaycanın yol xəritəsini göstərmiş oldu”.

15 oktybar 2023-cü il. Xankəndi şəhəri

Ə.Qocayev bildirib ki, cəmi üç il ərzində bu qədər nəhəng işlər görülüb:

“Həm müharibə apardıq, həm torpaqları azad etdik, həm də erməni vandallarının viran qoyduqları kəndləri, şəhərləri yenidən qurmağa başladıq. Bununla paralel olaraq Böyük Qayıdış proqramının icrasına start verildi. Artıq bu proqram çərçivəsində Zəngilana, Laçına, Füzuliyə, Tərtər rayonunun Talış kəndinə əhalinin köçü davam edir. Bu proses, cənab Prezidentin bildirdiyi kimi, 2024-cü ildə də davam edəcək”.

Brüssel, 15 iyul 2023-cü il

Əvəz Qocayev deyib ki, bu qədər ağır işlərlə yanaşı xarici siyasət kursu da uğurla davam etdirilir:

“Cənab Prezident son 3 ildə diplomatiya sahəsində uğurlu işlər görüb. Keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini yüksək səviyyədə müdafiə etməklə yanaşı, bölgəmizə sülh və əmin-amanlığın gəlməsi üçün ciddi çalışdığını ortaya qoyub. Bütün dünyaya, əsasən də Qərb ictimaiyyətinin diqqətinə çatdırıb ki, Azərbaycan sülh tərəfdarıdır. Müharibə səhifəsini bağladığımızı, yeni səhifə açmaq istədiyimizi söyləyib. Azərbaycanın regionun lider dövlətidir. Bu bölgənin inkişafı, gələcəyi Azərbaycanın verdiyi qərarlardan çox asılıdır. Cənab Prezidentin liderliyi ilə həm Azərbaycan, həm Cənubi Qafqaz firavan həyata qovuşacaq. Son 200 ildə bu bölgə hələ bu qədər sabit olmamışdı. Bütün bunlar möhtərəm Prezidentin apardığı uzaqgörən siyasətin nəticəsidir”.

Əvəz Qocayev onu da bildirib ki, qələbə Azərbaycanla yanaşı bütün regiona lazımdır:

“Separatizm, terror, işğalçılıq inkişafı əngəlləyir. Ermənistanın işğalçı siyasəti 30 il davam etdi. Özünü də, bizi də, bölgəni də ən azından 100 il geri saldı. Ordumuz Ali Baş Komandanın liderliyi ilə bu tarixi ədalətsizliyə son qoydu. Bu gün biz tariximizin ən şərəfli günlərini yaşayırıq. Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Prezident İlham Əliyev 30 illik müharibənin qalib sərkərdəsi oldu. 200 illik problemi həll etdi. O, Azərbaycanın məğlubiyyət tarixini qalibiyyət tarixi ilə əvəzlədi! Bütün bunlara görə cənab İlham Əliyevə, Ordumuza minnətdarıq. Ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram”.

8 noyabr 2020-ci il. Fəxri Xiyaban.

Əvəz Qocayev sonda bunları söyləyib:

“Mən özüm Birinci Qarabağ Müharibəsinin veteranıyam. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin çağırışı ilə Vətənin müdafiəsində iştirak etmişəm. Müharibənin nə demək olduğunu yaxşı bilirəm. Onun ağırı-acısını canımda yaşamışam. Onda Azərbaycan təzə müstəqil olmuşdu. Ordu quruculuğu istənilən səviyyədə deyildi. Ölkə iqtisadi baxımdan da ağır dövrdən keçirdi. Beynəlxalq şərtlər əleyhimizə idi. Çox şükürlər olsun ki, Ümummilli Lider Heydər Əliyevin başlatdığı bu işləri Cənab Prezident İlham Əliyev qələbə ilə başa çatdırdı. O, 3 il öncə bu günlər Ulu Öndərin məzarını ziyarət edərək, ona vəsiyyətinin, tapşırığının icra olunduğu haqda hesabat verdi. Şanlı və qürurlu günlər yaşayırıq. Allah bizə bu günləri çox görməsin. Qələbəmiz, Zəfərimiz əbədi və mübarək, bayrağımız uca olsun. Amin”.

Turan Rzayev
Globalinfo.az