İlham Əliyev Şuşada elə bir mesaj verdi ki… “Məni dayandıra bilməzsiniz”in açması Xankəndidir 

Prezidentin Şuşada etdiyi çıxışı, əslində, yol xəritəsi idi. O çıxışda hər şey əks olunur. Ən əsas məsələ nədir, bilirsiniz? Bu qədər təzyiqlərə, şantajlara rəğmən İlham Əliyev geri çəkilməyəcəyini, dayanmayacağını açıq şəkildə söylədi. “Məni kimsə dayandıra bilməz” dedi. Dövlət başçısının fikirləri erməni lobbisinin təsiri altında olan bəzi Qərb ölkələrinə, əsasən də Fransaya ünvanlanmışdı. Amma çıxışın ümumi ruhu deməyə əsas verir ki, Rusiya, İran da öz payını götürdü.

Prezidentin çıxışından sitatı olduğu kimi verək ki, oxucu və tarix üçün qaranlıq heç nə qalmasın: “Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabı mən vermişəm. Yenə nəsə banlasalar, yenə də verəcəm. Bu məni dayandırmaz”.

Azərbaycan rəhbəri özünün və ölkəsinin bəzi planları haqda dünyaya, Ermənistana havadarlıq edənlərə, yaxın-uzaq qonşulara mesajlar verdi. “Nə etsəniz belə, dayanmayacam”. Nədir bu dayanmamaq anonsunun arxasındakılar? Prezident nələri hədəfləyib? Hansı işləri görəcəyini düşünüb, belə qəti bəyanat verib?

İlk növbədə ağıla gələn Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etməsidir. 2020-ci ilin 27 sentyabrından 8 noyabrı tarixinə kimi Ordumuz işğaldakı torpaqların böyük hissəsini erməni quldurlarından təmizlədi. Qalan ərazilərimizi də düşməndən geri almaq haqqına sahibik. Prezident 2 ildir bunu hər çıxışında bildirir, deyir. Zəngəzur dəhlizi, Xocalı, Xankəndi – bunlar yaxın perspektivin işləridir. İlham Əliyev Göyçə, İrəvan, Qərbi Zəngəzur hədəflərini də açıq şəkildə söyləyir. O, ilk belə qətiyyətli bəyanatı 2020-ci ilin 10 dekabr tarixində Azadlıq meydanındakı Zəfər paradında verdi. Millətə hədəflərini göstərdi. Liderin bir işi də xalqını milli hədəflərə kökləmək, sonradan cəmiyyəti həmin hədəflərə doğru səfərbər etməkdir. Son günlər milli, ideoloji, siyasi hədəflərimizə biri də əlavə olunub – Güney Azərbaycan! Düzdür, Güney mövzusu heç vaxt Azərbaycanın, azərbaycanlıların yadında çıxmayıb. Şifahi ədəbiyyatdan, yazılı ədəbiyyata, folklordan mediaya, məişətdən siyasətə qədər bu məfkurə hər zaman Azərbaycanın əsas mövzusu kimi gündəmdə öz yerini tutub. Amma rəsmi siyasət bu mövzunu açıq şəkildə dəstəkləməyib. İranla münasibətləri korlamamaq üçün, qonşuluq əlaqələrinə xələl gəlməsin deyə, hər zaman Güney mövzusundan yayınıb dövlətimiz. İranın son davranışlarından, daha doğrusu, şantajından, hədəsindən sonra artıq Azərbaycan dövləti Güney siyasətini tam və açıq şəkildə ortaya qoyub. İlham Əliyevin ötən ay dünya azərbaycanlıları ilə bağlı söylədiyi fikirlər, yəqin, yaddaşlarda qalır. Prezident demişdi ki, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, – on milyonlarla qan qardaşlarımızı, – dəstəkləyəcəyik. Ölkə başçısı vurğulamışdı ki, təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Prezident bu mövzuda daha sonra qeyd etmişdi ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik.

İlham Əliyev Şuşadakı çıxışında İran haqda daha ağır ifadələr işlədib. Erməniyə qucaq açan müsəlman ölkəsinin bu əməlini satqınlıq, riyakarlıq adlandırıb. Haqsız deyil. Biz də deyirik, yazırıq, soruşuruq: Sən necə müsəlman ölkəsisən ki, müsəlman qardaş-bacılarının qanını axıdan, torpağını işğal edən, məscidlərimizi dağıdan, dağıtmadıqlarında donuz saxlayan bir qövmü qucaqlayırsan, ona nəfəslik verirsən, müdafiə edirsən?!

Prezident Şuşada etdiyi çıxışında Azərbaycanın haqq yoluna daş düzmək istəyənlərə elə dərs verdi ki, bu dərs çətin onların yadından çıxsın. Yuxarıda verdiyimiz sitat zatən hər şeyi açıq şəkildə göstərir. Banlamaq məsələsində oxlar Fransanın üzərinə yönəlib. İctimai rəydədə də bu, belə qəbul edilir. Yeri gəlmişkən, İlham Əliyevin bəzi ifadələri var ki, milli şüara çevrilib. Hətta poeziyada, musiqidə leytmotiv olub. Dövlət başçısı 44 günlük Vətən müharibəsindəki çıxışlarında orijinal frazalar işlədirdi. Paşinyanla bağlı dedikləri hələ də dillərdən düşmür. “Noldu, Paşinyan” sözü iki ildir aktuallığını saxlamaqdadır. Güman ki, bu dəfə də belə olacaq. “Yenə nəsə banlasalar, cavablarını verəcəm” bəyanatını əks etdirən video sosial şəbəkələrin Azərbaycan seqmentində hitə çevrilib.

Prezident Əliyev Azərbaycanı növbəti mərhələyə hazırlayır. Qarabağın işğaldakı parçalarını da ruhumuzun və coğrafiyamızın xəritəsinə qatmaqda qərarlıdır. Öhdəsindən gələcək. Çünki həm ölkədaxili durum, həm xarici faktorlar buna imkan verir. Xalq onu sevir, dəstəkləyir, güvənir. Azərbaycanlılar İlham Əliyevi Vətən savaşında daha yaxşı, daha yaxından tanıya bildi. Şuşaya bayraq sancan Ordunun Ali Baş Komandanına necə inanmayasan? Onu necə sevməyəsən? Ona necə etimad göstərməyəsən?

Şuşada bayrağımız dalğalanırsa, Xankəndidə də dalğalanacaq. Zəngəzur dəhlizi açılacaq. Xocalı əsirlikdən qurtulacaq.

Türk dünyasının birliyi, siyasi Turançılığın artıq gerçəyə çevrildiyi göz önündədir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görün nə deyib: “Türk dünyasını gələcəyə hazırlayırıq, güc birlikdədir”.

Bu bölgədə türk dövlətlərinin və türk xalqlarının sayına baxanda, onların arasındakı mehribanlığı, birliyi görəndə, adam düşünür ki, nəinki Xankəndini, İrəvanı da azad edəcəyik. Ölməz Əhməd Cavadın sözlərinə azacıq dəyişiklik edib, deyə bilərik: “Türkün şanlı bayrağını Təbrizə sancacağıq!”.

Azər AYXAN, Əməkdar jurnalist
Globalinfo.az