İlham Əliyev: “Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır”

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub.

Globalinfo.az xəbər verir ki, görüş zamanı prezident İlham Əliyev deyib ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. “Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir” – dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Dövlət başçısı bildirib ki, Çinin bir çox şirkətləri də bu işlərdə iştirak üçün müraciət edib. “Azərbaycan Çin şirkətlərinin bu layihələrə daha fəal şəkildə cəlb olunmasını dəstəkləyir” – prezident deyib.