“Yaxın Şərqdə müharibə riskini yüksək dəyərləndirənlər var. Əslində keçən ilin oktyabrında İsrailin HƏMAS-la başladığı və davam edən, bu ay isə Livanda “Hizbullah”a qarşı apardığı əməliyyatları müharibə adlandırmaq daha doğru olar”.
Bu fikirləri Globalinfo.az-a açıqlamasında politoloq Elşən Mustafayev deyib.
Onun sözlərinə görə, region ölkələrinin bu konfliktə cəlb olunması ilə bağlı artan narahatlıq var:
“Əsasən İran və Suriyanın İsrailə qarşı birgə müharibəyə başlamaq imkanlarını müzakirə etmək olar. Əgər belə bir hal olarsa digər ərəb dövlətlərinin bu məsələdə İsrailin tərəfində münaqişəyə cəlb olunacağı inandırıcı deyil. İran tərəfində İsrailə qarşı olmasını da mümkün saymıram. Çünki regionun böyük ərəb dövlətlərinin əksəriyyətinin İrana qarşı münasibəti əvvəldən yaxşı olmayıb. Zaman-zaman bir-birilərini hədələyiblər və s. Hətta keçən əsrin 80-ci illərində İraqla İran arasında 8 illik müharibə belə olub. O səbəbdən həmin dövlətlərin bu gün ən azı kənardan hadisələri müşahidə etmələrinin özü belə İrana qarşı olmaq sayılır”.
Elşən Mustafayev
Politoloqun sözlərinə görə, proseslərin İranda rejim dəyişikliyinə gətirib çıxara biləcəyi qorxusundan rəsmi Tehranın bütün təhlükələri göz önünə alaraq İsraillə açıq müharibəyə getməsi böyük təhlükədən xəbər verir:
“Bu zaman regionda geniş ərazini əhatə edən qaynar ocaqlar yarana bilər və İsrailin təhlükəszliyinə qarant olan və bu missiyanı daşıyan ABŞ açıq şəkildə müharibəyə qoşula bilər. Hadisələrin bu şəkildə inkişafından təbii ki, Türkiyə də narahatdır. İstənilən halda inanmıram ki, bu qarşıdırmada Türkiyə tərəflərin birini müdafiə edib müharibəyə qoşulsun. Türkiyənin siyasəti hazırda ərazi bütövlüyünə təhdidlərin aradan qaldırılması, sərhədləri boyunca təhlükəsizlik zolağının olması və regionda özünə dost və tərəfdaş ölkələrin sayını artırmaqdır. Hazırda regionda belə düşünən dövlətlərin də sayı az deyil. Onlar hazırkı gedişatda tərəfsiz mövqe göstərirlər”.
Safura Bənnayeva
Globalinfo.az