eliyev tramp 1

“Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində ABŞ Prezidenti Donald Tramp Qəzzada müharibənin dayandırıldığını açıqlayıb.

Sülh Şurası bölgəyə həqiqətən sülh gətirə biləcəkmi?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Davosda yaradılan Sülh Şurasında Azərbaycan da yer alır:

“19 ölkə təsisçi qismində iştirak üçün razılıq verib və bu sayın yaxın vaxtlarda artacağı gözlənilir. ABŞ Prezidenti Donald Tramp müraciət edən 60 ölkədən 19-na razılıq verib. Digər ölkələr üçün də yaxın zamanda razılığın veriləcəyi ehtimal olunur. Rusiya da bildirib ki, sözügedən Sülh Şurasına qoşulmağa hazırdır. Xaricdə sanksiyalar altında olan pullarının 1 milyard dollarının şuraya qatılmaq üçün tələb olunan vəsaitə ayrılmasına razılıq verilib. ABŞ-da Rusiya aktivləri dondurulub”.

Politoloq qeyd edib ki, son dövrlər Donald Trampın səyləri nəticəsində Qəzzada müharibənin dayandırılması istiqamətində aparılan işlər müəyyən nəticələrini göstərir:

“Keçən il Misirdə, Şarm əl-Şeyxdə keçirilən sülh sammiti çərçivəsində İsrail və HƏMAS arasında müharibəni dayandırmaq üçün 20 bəndlik proqram razılaşdırıldı. Bu proqramın birinci bəndi artıq yerinə yetirilib və ikinci mərhələyə keçilir. Həmin görüşdə Trampın rəhbərliyi ilə bir sıra ölkə liderləri iştirak edirdi, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev.

Tramp əminliklə bildirir ki, HƏMAS silahlarını yerə qoyacaq və sülh əldə olunacaq. Sülh Şurasının topladığı vəsait də Qəzzanın yenidən qurulmasına sərf ediləcək. Hazırda Qəzza əhalisi çox çətin vəziyyətdədir və bir çox insan hələ də çadırlarda yaşayır. Trampın təşəbbüsü ilə yaradılan bu şura vasitəsilə Qəzza yenidən qurulacaq və əhali normal həyatını bərpa edəcək”.

elsad hesenov

Elşad Həsənov

E.Həsənovun sözlərinə görə, proses mürəkkəbdir və orada sabitliyin tam təmin olunacağına əmin olmaq mümkün deyil, çünki İsrail və Fələstin illərdir müharibə vəziyyətindədir:

“BMT-nin qərarına əsasən, İsrail dövlətindən əlavə, Fələstin dövləti də mövcud olmalıdır və dünyanın əksər ölkələri bu qərarın həyata keçirilməsini istəyir, o cümlədən Azərbaycan. Lakin İsrail buna mane olur.

Sülh Şurasının səyləri sayəsində müharibənin dayandırılması mümkündür. Azərbaycan öz vəsaitləri hesabına Qarabağı və Şərqi Zəngəzuru yenidən qurub əhalini torpaqlarına qaytardığı kimi, Qəzzada da Trampın rəhbərliyi ilə analoji addımların atılması gözlənilir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: