Borrelin açıqlamasındakı şifrələr – Dünya taxtının sahibi dəyişir

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Jozep Borrel deyib ki, Qərbin qlobal üstünlüyü dövrü Ukraynada müharibənin başlaması və Qəzzada İsraillə HƏMAS arasında münaqişə ilə başa çatdı. O, Qərb ölkələrini təhlükəsizlik və müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə çağırıb.

“Qlobal cənubun bir çox ölkəsi Qərbi ikili standartlarda ittiham edir. Rusiya vəziyyətdən istifadə etməyi bacardı. Moskvanın Ukraynadakı hərəkətləri imperialist və müstəmləkəçi xarakter daşıyır. Qərbin hökmranlığı dövrü doğrudan da başa çatıb” – Jozep Borrel deyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Qərbin hökmranlığı başa çatmaq ərəfəsindədir:

“Qərb artıq təktərəfli güc deyil. Şərqdə yeni regional güclər yaranır. Məsələn, Cənubi Qafqaz regionunda Azərbaycan, Rusiya və Türkiyə arasında qurulan güclü işbirliyi mühiti Qərbin bölgəyə təsir imkanını minimuma endirib.

Bu gün ölkəmizə qarşı Qərbdən kəskin aqressiya görürük. Bunun əsas səbəbi şübhəsiz ki, bizim tarixi torpaqları işğaldan azad etməyimizlə bağlıdır. Bununla bərabər biz Avropa dövlətlərinin regionda yaranan iş mühitinə qısqanc yanaşmalarının şahidi oluruq. Avropanın məqsədi regiona daxil olmaq idi. Müharibədən sonra bölgədə yeni düzən qurulur. Qərb, birbaşa Avropa bu prosesdə iştirak etmək istəyir. Ancaq region dövlətləri buna imkan vermir. Bu da qısqanclıq yaradır.

Bu gün Qərbin mübarizə apardığı bölgələrdəki vəziyyəti görürük. Regionumuzu tanımayan, şəxsi ambisiyalardan çıxış edən, məsələyə müstəmləkəçilik prinsipindən yanaşan ölkələrin bu regionda işi yoxdur.

Biz Şərqdə digər bölgələrdə də güc mərkəzləri görürük. Məsələn, Yaxın Şərqdə Rusiya-Türkiyə əməkdaşlıq formatı işləyir. Bu gün Qəzzadakı hadisələrdə ədalətin tərəfində duran əsas ölkə məhz Türkiyədir. Şərqi Asiyada Çin əsas gücə çevrilib. Son zamanlar Hindistanın aktivliyi müşahidə edilir. Rusiya Afrikada Qərbi sıxışdırır. Bu faktlar Borrelin dediyini təsdiq edir. Qərb artıq böyük güc deyil. Avropanın özünə ABŞ diktə edir. İttifaqda vahid birlik yoxdur, NATO-da həlledici qüvvə məhz ABŞ-dır. Avropa nə qədər ABŞ-ın təsir dairəsindən çıxmaq istəsə də, bunu bacara bilmir. Ümumavropa ordusu yaratmaq təşəbbüsü baş tutmadı. Onun yerinə ABŞ-ın istəyi ilə Avropa da NATO da güclənir. Avropa artıq güc deyil, heç öz regionunda söz keçirə bilmir. Qərb artıq digər bölgələrə müdaxilə imkanlarını itirir. Şərqdə yaranan güc mərkəzləri buna imkan vermirlər”.

Turan Rzayev
Globalinfo.az